Azərbaycan parlamentinə "Aviasiya haqqında" yeni qanun layihəsi
daxil olub.
Yeni qanunun qəbuluna ehtiyac, əsasən, təhlükəsizliyin artırılması
və hava daşımalarının tənzimlənməsi ilə izah edilir. Amma illərdir
mülki aviasiya daşımalarında monopoliya və qiymətlərin yüksək
olması ilə bağlı şikayətlər səslənir.
Oktyabrın 18-də Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin iclasında qiymətlər müzakirə olunarkən
rəqəmsal inkişaf və nəqliyyat nazirinin
müavini Rəhman Hümbətov
bunları bildirib:
"Qiymətə təsir göstərən ən vacib
faktorlardan biri yanacaq məsələsidir. Biz artıq bu yanacağı tam
dünya qiymətləri ilə alırıq. Burada AZAL (Azərbaycan Beynəlxalq
Hava Yolları) baxımından heç bir güzəşt yoxdur. İkinci qiymətə
təsir edən məsələ təyyarələrin alınması və onların saxlanması ilə
bağlıdır".
O qeyd edib ki, bu il dövlət büdcəsindən AZAL-a vəsait daxil
olmayıb və aviaşirkət özü xərclərini qarşılamalıdır.
AZAL-dan qiymətlər haqqında...
AZAL-dan bildirilib ki, aviaşirkətin bütün beynəlxalq reyslərində
dinamik qiymətqoyma siyasəti tətbiq edilir:
"Yəni, bu
və ya digər istiqamət üzrə aviabiletin dəyəri uçuş və biletin
alınma tarixindən, mövsümi uçuş cədvəlindən, uçuşların tezliyindən,
həmçinin təyyarədə boş yerlərin sayından asılı olaraq
dəyişir".
Vurğulanıb ki, hər reysdə bir neçə tarif sinfi nəzərdə tutulur:
"Əvvəlcə ən ucuz tariflərlə aviabiletlər satılır və
təyyarədə yerlər dolduqca hər növbəti aviabiletin dəyəri artır. Bu,
sərnişinləri aviabiletləri öncədən almağa sövq edir, aviaşirkətlərə
isə təyyarədə kifayət qədər sərnişinlərin olacağına zəmanət
verir".
"Əslində əsas heç qanun deyil…"
İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, AZAL-ın
inhisarçı mövqeyi məlumdur:
"İnhisarçılıqla bağlı
məsələ isə başqa – antiinhisar qanunvericiliklə tənzimlənir və
burada başqa bir qanuna ehtiyac yoxdur. Əslində əsas heç qanun
deyil, onun implementasiyasıdır. Çox təəssüf ki, bizdə qanunların
yerinə yetirilməsi sahəsində problemlər yaranır".
İqtisadçının sözlərinə görə, Azərbaycanda aviadaşıyıcı şirkət açmaq
çox çətindir deyə, bazarda yeganə oyunçu AZAL-dır:
"Təyyarələrin baha olduğunu nəzərə alaraq Azərbaycanda
özəl aviadaşıyıcı şirkət açmaq hələ ki mümkün deyil. Buna
milyardlarla investisiya lazımdır. Elə bir investorların olacağını
düşünmürəm. Amma xarici şirkətləri bazara buraxmaq mümkündür.
Yavaş-yavaş da bu baş verir, bəzi şirkətlər bazara buraxılır, amma
bu, yetərli deyil".
N.Cəfərlinin fikrincə, hava limanlarını icarəyə verilməsi çox yaxşı
olar: "Azərbaycanda boş qalan hava limanları var və onlar büdcəyə
yükdür. Lənkəran hava limanı ovaxtkı (2005-2008) məzənnə ilə 80
milyon dollardan yuxarı bir vəsaitə tikilmişdi və hələ də
saxlanılmasına hər il 2-3 milyon vəsait xərclənir, amma...".