Azərbaycanla Ermənistan arasında normallaşma prosesi niyə baş
tutmur? Yaxud tərəflər arasında sülh müqaviləsinin imzalanmasına nə
mane olur?
Rəsmi Bakı sülh müqaviləsinin imzalanması, münasibətlərin
normallaşması ilə bağlı təkliflər zərfini İrəvana təqdim edib. Bu
onu göstərir ki, Azərbaycan tərəfi hər iki istiqamətdə məsələnin
həllində daha maraqlıdır. Prezident İlham Əliyev də rəsmi Bakının
sülhə və normallaşmaya hazır olduğunu dəfələrlə
bildirib.
Ermənistan tərəfi cavab verməsə də təklifləri aldıqlarını etiraf
edib. İrəvan rəsmiləri də bu istəyə müsbət yanaşdıqlarını
bildiriblər.
Əsas məsələ, Azərbaycan və Ermənistan liderlərinin sülh və
normallaşmaya müsbət yanaşmasıdır.
İkinci vacib məsələ tərəflərin müharibənin yenidən başlamasına
qarşı olmasıdır. Düzdür, Ermənistanı Hindistan, Fransa, BƏƏ və
başqaları yenidən silahlandırır. Bu onların perspektivdə müharibəyə
başlamaq istəyini istisna etmir. Ancaq rəsmilər yenidən
silahlanmanın yeni hərbi əməliyyatlara başlamaq üçün nəzərdə
tutmadıqlarını iddia edirlər. Hər halda bu məsələ də, sülhlə bağlı
danışıqlar zamanı həll edilə biləcək məsələlərdəndir.
Ermənistanın silahlanması, yaxud silahlandırılması, habelə
qıcıqlandırıcı, gərginliyin yaranmasına səbəb olacaq müxtəlif
açıqlamalar da sübut edir ki, Cənubi Qafqazdan kənar qüvvələr iki
ölkə arasında münasibətlərin normallaşmasına mane olurlar.
Çünki regionda maraqlarının təmin olunmasını istəyənlər üçün
onların iştirakı olmadan İrəvan-Bakı arasında birbaşa dialoq sərf
etmir.
30 il müxtəlif formatlarda Azərbaycan-Ermənistan münasibətlərinin
normallaşması, münaqişənin həll olunması ilə bağlı saysız-hesabsız
görüşlər keçirilib, minlərlə kilometr yollar qət edilib. Nəticə isə
sıfır olub. Az qala bu problemin həlli üçün yüz il keçəcəkdi. Bu
gün vasitəçilik iddiasında olanlar Azərbaycanın torpaqlarının
işğalı ilə barışmasına çalışırdılar.
Bu ilin sentyabrında Azərbaycan SSRİ-dən çıxarkən malik olduğu
ərazidə suverenliyini bərpa etdi. Ermənistanla münasibətlərin
normallaşması üçün atılacaq bir neçə addım qalıb: 8 anklav kəndin
qaytarılması, sərhədlərin müəyyənləşməsi, Qərbi azərbaycanlıların
Ermənistan vətəndaşlığının bərpası.
Azərbaycan və Ermənistan bu məsələləri 3-cü, 4-cü və s. tərəflərin
iştirakı olmadan da həll edə bilər.
44 günlük müharibədən sonra Avropa İttifaqı, ABŞ və Rusiya yenidən
iki ölkə arasında münasibətlərin normallaşması və sülh
müqaviləsinin imzalanması istiqamətində vasitəçilik etməyə
başladılar. Nə baş verdi?
Aİ sərhədlər müəyyənləşmədiyi halda, habelə rəsmi Bakının icazəsi
olmadan Azərbaycan-Ermənistan sərhədyanı məntəqəyə mülki müşahidə
missiyası yerləşdirdi. Bu missiyanın təşəbbüsçüsü və icraçısı
Fransa Ermənistanı birmənalı şəkildə müdafiə etməklə danışıqlarda
Aİ-nin tərəf olduğunu nümayiş etdirdi. Bunun ardınca Fransa
Ermənistanı silahlandırmağa, hərbi yardım etməyə başladı.
Halbuki danışıqlara başlayarkən Azərbaycan dialoqun uğurlu
olacağına ümid edirdi. Məlum oldu ki, Aİ də vəziyyəti dəyərləndirib
ədalətli mövqe tutmaq niyyətində deyil.
Dünyaya liderlik edən, etmək istəyən ABŞ-də də görüşlər keçirildi.
Yenə yekunda normallaşma və sülhlə bağlı heç bir addım atılmadı. Aİ
və Vaşinqton görüşlərində yeganə nəticə növbəti görüşün keçirilməsi
ilə bağlı razılığın əldə edilməsi idi. Tutaq ki, o görüşlər də
reallaşdı. Axı, başlıca məsələ öz həllini tapmır. Əksinə, həmin
görüşlərdən sonra Ermənistan Azərbaycanla münasibətləri qurmaqdan
bir az da uzaqlaşır. Ehtimal etmək olar ki, həmin
vasitəçi-havadarlar rəsmi İrəvana ictimaiyyət üçün məlum olmayan
vədlər verir. O da üzdə sülhdən danışıb, sonradan müxtəlif iddialar
irəli sürür.
Rusiya da öz növbəsində Avropa İttifaqı və ABŞ-dan geri qalmamaq
üçün Bakı və İrəvan rəsmilərini Moskvaya dəvət edir, işçi qrupunun
görüşünün keçiriləcəyi, növbəti sammitlə bağlı razılığın əldə
edildiyi haqqında acıqlamalar verir. Ancaq nə işçi qrup toplaşır,
nə də sammit keçirilir.
Beləcə atəşkəs haqqında bəyanatın imzalanmasından 3 ildən artıq
vaxt keçməsinə baxmayaraq, beynəlxalq vasitəçilərin fəaliyyətinin
nəticəsi sıfırdan da aşağı səviyyədədir. Çünki ötən müddət ərzində
vasitəçilər də etimadını itirib.
Odur ki, yeni formatda görüşün keçirilməsinə ehtiyac yaranır.
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması,
normallaşma prosesinin uğurlu nəticəsi ilk növbədə region üçün daha
əhəmiyyətlidir. Başqa sözlə, bu hadisənin baş verməsini Azərbaycan
və Ermənistan kimi Gürcüstan da istəyir. Bu, rəsmi Tbilisinin də
təhlükəsizliyinin təmin olunması üçün vacibdir. ABŞ, Aİ və Rusiya
regionda maraqlarının təmin olunması üçün vasitəçiliyi əllərində
bayraq etdikləri, yaxud Cənubi Qafqazda bir-birinə “kim daha
güclüdür?” ismarışını verdikləri halda Gürcüstan üçün regionda
həyati vacib məsələlərdəndir. Odur ki, rəsmi Tbilisi
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı
məsələyə vasitəçilik etməyi daha çox haqq edir.
Mövcud şərait və vəziyyətə əsasən, demək olar ki, Azərbaycan və
Ermənistan arasında ikitərəfli görüşün keçirilməsi daha uğurlu
nəticə verə bilər. Ona görə də Bakı-İrəvan formatında görüşlərin
Tbilisidə keçirilməsi və ən əsası vasitəçilərsiz, birbaşa
danışıqların aparılması regional və qlobal baxımdan ən
uyğunudur.