“AbzasMedia”nın direktoru Ülvi Həsənli "saxlanılıb"
AbzasMedia saytının direktoru Ülvi Həsənli bazar ertəsi səhər saatlarında xarici ölkə səfərinə getmək üçün evindən çıxıb "taksiyə oturarkən" saxlanılıb, vəkili Zibeydə Sadıqova BBC Azərbaycancaya bildirib.

O, Ülvi Həsənlinin evində və Abzas Media saytının ofisində aparılan axtarışların hansı ittiham əsasında aparıldığını, Ülvi Həsənlinin nədə ittiham olunduğunu hələ ki, bilmədiyini söyləyib.

BBC Azərbaycanca Ülvi Həsənlinin saxlanma səbəblərini
DİN-dən öyrənə bilməyib.

AbzasMedianın yaydığı videolarda polisin ofisə getmək istəyən jurnalistlərə mane olduğu görünür.

DİN sözçüsü Elşad Hacıyev bazar ertəsi səhər BBC-yə polisin “AbzasMedia”nın ofisi qarşısında olmasını “orda araşdırma aparılması” ilə əlaqələndirib, amma əlavə məlumat verməyib.

AbzasMedia yaydığı bəyanatda bildirib ki, ofisdə axtarış zamanı “guya 40 min avro pul “aşkarlanıb”.

Ülvi Həsənli bu vəsaitin ona aid olmadığını deyib, vəkil Zibeydə Sadıqova BBC Azərbaycancaya bildirib.

Facebook hesabında yaydığı bəyanatda AbzasMedia iddia edib ki, Ülvi Həsənli saxlanarkən qeyri-insani davranışa məruz qalıb.

Ülvi Həsənlinin ailəsindən BBC Azərbaycancaya bildirib ki, evində axtarış aparılan zaman onun gözünün altında qızartı olub və Ülvi bunu saxlanarkən "onu vurmaqları ilə" izah edib.

Həsənlinin ailəsi bildirib ki, ilkin sorğu-sualda Ülviyə "AbzasMedia"nın fəaliyyəti ilə bağlı suallar verilibmiş.

"Ülvi bizə dedi ki, polisdə ondan soruşublar ki, saytda niyə Qarabağda aparılan işlərdən yazmırlar, niyə məmurlardan yazırlar?" - Ülvi Həsənlinin xanımı Rübabə Quliyeva deyib.

“AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı Ülvi Həsənlinin saxlanılmasının onun peşə fəaliyyəti, xüsusən Abzas Media-nın yüksək vəzifəli şəxslərin ailə üzvlərinin biznesi haqqında araşdırmaları ilə bağlı olduğunu iddia edib.

AbzasMedia bəyan edib ki, Ülvi Həsənlinin saxlanması onun jurnalistlik fəaliyyəti ilə bağlıdır və o, dərhal sərbəst buraxılmalıdır.

Mənbə: bbc.com/azeri
Print Email
Tags: AbzasMedia
FaceBook Twitter Google