Prezident İlham Əliyev: Fransa regionumuzda yeni müharibələrin başlaması üçün zəmin hazırlayır
Fransa regionumuzda yeni müharibələrin başlaması üçün zəmin hazırlayır.

Trend xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə noyabrın 21-də Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən konfransın iştirakçılarına ünvanladığı müraciətində yer alıb.

Dövlət başçısı bildirib:

"Əsrlər keçsə də, siyasət və təfəkkür dəyişmədiyi üçün Fransa kolonializminin utancverici yeni metodları bu
gün də davam etməkdədir. Bu konfransa toplaşan dənizaşırı ərazilərin xalqları uzun illərdir müstəqillik uğrunda mübarizə aparırlar. Kolonializm tarixindən əl çəkə bilməyən Fransa Avropadan kənarda, Sakit, Hind və Atlantik okeanlarında dənizaşırı icma və ərazilərində yaşayan xalqların azadlıq arzularına və hüquqlarına hörmət etmir, bu arzuların reallaşmasının qarşısının alınması üçün hər vəchlə çalışır. Həmçinin, Afrika qitəsindəki keçmiş müstəmləkələrinin daxili işlərinə kobud müdaxilələr etməkdə davam edir, burada stabilliyin əldə edilməsinə maneə olur. Fransa kolonializmi barədə Dənizaşırı regionlardan olan siyasətçilərin səsləndirdiyi fikirlər dəhşət doğurur.

Fransa təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eyni zamanda bizim regionumuzda – Cənubi Qafqazda stabilliyi pozur, separatizm meyllərini və separatçıları dəstəkləyir. Ermənistanı silahlandırmaqla militarist siyasət həyata keçirir, revanşist qüvvələri təşviq edir, regionumuzda yeni müharibələrin başlaması üçün zəmin hazırlayır. Eyni zamanda Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur, Qərb təşkilatlarını digər dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə cəhdlər edir.

Fransa Beynəlxalq Ədalət Məhkəməsinin Sakit Okeanda keçirdiyi nüvə sınaqları ilə bağlı qərarlarını yerinə yetirməli, başqa dövlətlərə dərs keçmək praktikasına son qoymalıdır".


Mənbə:
Birinci Kanal

Print Email
FaceBook Twitter Google