Azərbaycan Gürcüstanla birlikdə gömrük nəzarətinin həyata
keçirilməsi üçün yeni dövlət sərhədindən buraxılış məntəqələri inşa
edəcək.
Bu, Azərbaycan Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi
"Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat
dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit
yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət
Planı"nda öz əksini tapıb.
Sənədə əsasən, yeni dövlət sərhədindən buraxılış məntəqələrinin
tikintisi ilə bağlı
təkliflər hazırlanmalı, maliyyə və smeta
xərcləri müəyyənləşdirilməli, layihələndirilmə işləri
aparılmalıdır. Nəticədə tranzit daşımalar zamanı alternativ keçid
imkanı yaradılacaq.
Bundan başqa, Fəaliyyət Planına əsasən, Azərbaycan ərazisindən
keçən tranzit dəhlizlərin rəqabətqabiliyyətinin və səmərəliliyinin
artırılması, həmin dəhlizlərə əlavə tranzit yük axınlarını cəlb
etmək üçün mövcud nəqliyyat xidmətləri və infrastrukturunun
yaxşılaşdırılması ilə yanaşı, yeni infrastrukturun yaradılmasına,
eləcə də tranzit daşımalar zamanı sərhəd keçid prosedurlarının
müddətinin minimuma endirilməsi və buraxılış qabiliyyətinin
artırılmasına zərurət var.
“Qırmızı Körpü” və "Mazımqara" dövlət sərhədindən buraxılış
məntəqələrinin buraxılış qabiliyyətinin artırılması, eləcə də
sərhəd və gömrük nəzarətinin effektiv şəkildə aparılmasının təmin
edilməsi istiqamətində infrastrukturun təkmilləşdirilməsi, “Qırmızı
Körpü” dövlət sərhədindən buraxılış məntəqələrinin yaxınlığında
yerləşən mövcud terminalların infrastrukturu təmiri, bərpası və
gömrük postunun yaxınlığında yeni gömrük terminalların (ticarətin
asanlaşdırılması mərkəzlərinin) inşa edilməsi nəzərdə tutulur.