Kadırovun tənqidçisi Rusiyaya deportasiya olunmamaq üçün Qırğızıstandan qaçıb
Rusiyanın Şimali Qafqaz regionunda Çeçenistanın avtoritar lideri Ramzan Kadırovun kəskin tənqidçisi, Rusiya vətəndaşı Mənsur Movlayev onun Rusiyaya deportasiya edilməsinə dair məhkəmə qərarı icra olunmamış Qırğızıstanı tərk edib.

Movlayevin vəkili Bakıt Avtandil noyabrın 27-də Azadlıq Radiosuna bildirib ki, onun müvəkkili hazırda qeyri-müəyyən ölkədədir və əlavə edib ki, Mövlayev Mərkəzi Asiya ölkəsini tərk etmək qərarını özü verib.

Oktyabrın əvvəlində sərhədi qanunsuz keçdiyinə görə Qırğızıstanda 6 ay həbs cəzasına məhkum edilmiş Movlayevin Rusiyaya deportasiya qərarının qüvvədə qalsa da, keçən həftə Bişkek məhkəməsi onun həbsdən azad edilməsi barədə qərar çıxarıb.

Avtandil o zaman Azadlıq Radiosuna bildirmişdi ki, istintaq təcridxanasında qalma müddəti ikiqat sayıldığı üçün Birinci May rayon məhkəməsi Mövlayevin altı aylıq cəzasını çəkdiyi haqda qərar çıxarıb.

Çeçenistan əsilli Movlayev Rusiyada ekstremizmdə ittiham olunaraq, axtarışa verilib. O, ittihamların siyasi motivli olduğunu deyərək, rədd edib.

Avqust ayında Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi Movlayevin anti-terror əməliyyatı zamanı həbs edildiyini və 28 yaşlı çeçen fəalın Yaxın Şərqdəki terror qruplaşmaları ilə əlaqəsi olan "radikal İslamın davamçısı" olduğunu bildirib.

2020-ci ildə Movlayev qeyri-qanuni narkotik ittihamı ilə üç il müddətinə azadlıqdan məhrum edilib. O, bu ittihamların siyasi motivli olduğunu deyərək, onları qəti şəkildə rədd edib. Movlayev ona qarşı açılan işi Kadırov və onun hökumətini tənqid etdiyinə görə Çeçenistan rəsmiləri tərəfindən qisas adlandırıb.

2022-ci ildə Movlayev vaxtından əvvəl azadlığa buraxılsa da, sonra yenidən saxlanılıb.

Tanınmış çeçen müxalif blogerlər İbrahim və Baysanqur Yanqulbayevlər o zaman bildirmişdilər ki, Movlayev 2022-ci ildə Rusiyadan Qırğızıstana qaçmağa nail olub və orada təhlükəsizlik məqsədilə Avropa İttifaqına getmək üçün beynəlxalq hüquq müdafiə qruplarından yardım almağı planlaşdırıb.



Print Email
FaceBook Twitter Google