Dörd il bundan əvvəl bu stadionda bəziləri “Qarabağ Ermənistandır
və nöqtə” demişdilər.
Biz onlara sübut etdik ki, Qarabağ Azərbaycandır.
Bu fikri Prezident İlham Əliyev dekabrın 21-də futbol üzrə
Azərbaycan Kubokunun səkkizdəbir final mərhələsində Ağdamın
“Qarabağ” və Bakının MOİK komandaları arasında Xankəndi stadionunda
keçirilən oyundan əvvəl çıxışında deyib.
İşğal olunmuş torpaqların böyük hissəsinin üç il əvvəl
İkinci
Qarabağ müharibəsi nəticəsində azad edildiyini vurğulayan dövlət
başçısı bildirib:
“Qarabağın tacı olan Şuşa şəhərində
Azərbaycan Bayrağı qaldırıldı. Üç ay bundan əvvəl - sentyabrın
19-20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da
işğalçılardan azad edildi. Oktyabrın 15-də bütün bu şəhərlərdə mən
Azərbaycan Bayrağını ucaltdım. Noyabrın 8-də Xankəndinin mərkəzi
meydanında Zəfər paradı keçirildi. Bu gün isə bu gözəl idman
bayramını biz birlikdə qeyd edirik. Bundan sonra bu torpaqlarda
Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar burada
əbədi yaşayacağıq”.