2023-cü ilin dekabrında mütəxəssislər ABŞ-ın müdafiə naziri Lloyd
Ostinə prostat xərçəngi diaqnozu qoyublar,
o, əməliyyat olunub, yanvarın əvvəlində Pentaqon rəhbəri səhhətində
ağırlaşmalara görə xəstəxanaya yerləşdirilib.
Bu barədə Merilend ştatındakı Uolter Rid Tibb Mərkəzinin
məlumatında deyilir.
Sənəddə göstərilir ki, 2023-cü il dekabrın əvvəlində keçirilən
müntəzəm müayinə zamanı Ostinə “müalicə tələb edən prostat
xərçəngi” diaqnozu qoyulub. Bununla əlaqədar
dekabrın 22-də o,
“minimal invaziv” cərrahi əməliyyat (prostatektomiya) keçirib.
Mərkəzdən bildirilib ki, o, bu prosedur zamanı ümumi anesteziya
altında olub. Ertəsi gün Ostin evə qayıdıb. "Onun prostat xərçəngi
erkən aşkarlanıb və proqnoz əladır", - sənəddə qeyd edilir.
Mütəxəssislər bildiriblər ki, "1 yanvar 2024-cü ildə nazir Ostin 22
dekabr (2023)-cü ildə həyata keçirilən prosedurdan sonra baş verən
fəsadlar, o cümlədən qarın, omba və ayaqda başgicəllənmə və
şiddətli ağrılar səbəbindən Ualter Rid Tibb Mərkəzinə qəbul
edilib".
“İlkin müayinə zamanı sidik yollarının infeksiyası aşkarlanıb”, -
mərkəz qeyd edib. Yanvarın 2-də xəstə reanimasiya şöbəsinə
yerləşdirilib.
Mütəxəssislər Ostinin sağaldığını və onun "tam bərpa olunmasını"
gözlədiklərini vurğulayıblar. Mərkəz aydınlaşdırıb ki, “bu, uzun
proses ola bilər”. Yanvar ayında xəstəxanaya yerləşdiriləndən bəri
nazir “heç vaxt huşunu itirməyib və ümumi anesteziya altında
olmayıb”.