ABŞ dövlət katibi Antoni Blinken çərşənbə günü Kişinyova səfəri
zamanı ABŞ-ın Moldovaya
sadiqliyini bir daha vurğulayaraq, enerji təhlükəsizliyinin
artırılması və Rusiyanın dezinformasiyasına qarşı mübarizə üçün
$135 milyon dollar vəd edib.
Çərşənbə günü Moldovaya səfəri zamanı Blinken deyib ki, Birləşmiş
Ştatların Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) 85 milyon dollara
qədər maliyyə vəsaiti Moldovanın milli elektrik şəbəkəsini
gücləndirilməsi, Rumıniya, Ukrayna
və daha geniş Avropa bazarı ilə
elektrik enerjisi ticarətini asanlaşdırması üçün avadanlıqlara
subsidiya verəcək. O, həmçinin Rusiyanın yenidən təhdidləri ilə
üzləşən qərbyönlü Moldovaya əlavə yardımı da açıqlayıb.
Blinken Moldova prezidenti Maya Sandu ilə birgə keçirilən mətbuat
konfransında açıqlama verib.
"Bu gün biz Konqreslə birlikdə enerji və kənd təsərrüfatı
sektorlarında islahatlardan tutmuş, dezinformasiyaya qarşı
mübarizəyə qədər səyləri daha da inkişaf etdirmək üçün əlavə 50
milyon dollar ayırmaq üçün işləyəcəyik," o deyib. "Bu, öz
növbəsində, Moldovanın Rusiyanın müdaxiləsinə müqavimət göstərmək,
Avropa İttifaqına və Qərbə inteqrasiyaya gedən yolu davam etdirmək
üçün azad və ədalətli seçkilər keçirmək qabiliyyətini
gücləndirəcək."
Blinkenin səfəri Rusiyanın Moldovanın Dnestryanı bölgəsində hərbi
mövcudluğu ilə bağlı narahatlıqlar fonunda baş verir. Moldova
Rusiyanı seçkilərə müdaxilə, hökuməti devirmək və onun Avropa
İttifaqına üzvlük istəyinə mane olmaq məqsədi ilə dezinformasiya
kampaniyaları vasitəsilə hibrid müharibələr aparmaqda ittiham edib.
Rusiya bu ittihamları rədd edir.
Sandu Blinkenin iki il ərzində ikinci səfərini "güclü dəstək
əlaməti" olduğunu deyərək alqışlayıb.
"Birlik və tərəfdaşlarımızın dəstəyi ilə biz xalqımızın yanında
olacağıq və irəliləyəcəyik," Sandu mətbuat konfransında
bildirib.
O, həmçinin həm Moldovaya, həm də Ukraynaya dəstəyinə görə ABŞ-a
minnətdarlığını ifadə edib. Rusiyanın 2022-ci ildə işğalından bu
yana Bayden administrasiyası Ukraynaya milyardlarla dollarlıq silah
yardımı yönəldib və Sandu "Bu, Moldovanı daha təhlükəsiz və daha
güclü edir" deyib.
Kişinyovdan sonra Blinken NATO xarici işlər nazirlərinin görüşləri
keçiriləcək Praqaya yola düşüb. ABŞ rəsmilərinin dediyinə görə,
orada onun "Ukraynaya əhəmiyyətli dəstək nümayiş etdirəcəyi"
gözlənilir.