İsrail ordusu cümə axşamı Qəzza zolağında üç silahlını hədəf aldığı
əməliyyatdan sonra HƏMAS lideri Yəhya Sinvarın öldürülməsi
araşdırdığını bildirib.
Bəyanatda "Hazırda terrorçuların kimliyini təsdiqləmək mümkün
olmayıb" deyilib.
İsrailin dediyinə görə, üç militantın öldürüldüyü binada girovların
olduğuna dair heç bir əlamət olmayıb.
Qəzza müharibəsinə səbəb olan 2023-cü il
oktyabrın 7-də İsrailə
hücumun baş memarı Sinvar, o vaxtkı lider İsmayıl Haniyənin avqust
ayında Tehranda öldürülməsindən sonra HƏMAS-a lider seçilmişdi.
İran Haniyənin qətlində İsraili günahlandırır.
Bu arada, Qəzzanın şimalındakı səhiyyə rəsmiləri cümə axşamı İsrail
hava qüvvələrinin məcburi köçkün fələstinlilər üçün sığınacağa
çevrilən məktəbə hava hücumu nəticəsində 5-i uşaq olmaqla, azı 14
nəfərin öldüyünü bildirib.
İsrail ordusu bildirib ki, onların hədəfi İsrail qüvvələrinin bir
həftədən artıqdır hava və qurudan hücumlar həyata keçirdiyi
Cəbəliyədəki məktəbə toplaşan onlarla HƏMAS və İslami Cihad
döyüşçüsü olub.
İsrail hərbçiləri ərazidə militant kimi tanıdığı onlarla insanın
adı olan siyahını təqdim etsə də, həmin adları dərhal
dəqiqləşdirmək mümkün olmayıb.
Səhiyyə Nazirliyinin Qəzzanın şimalındakı təcili yardım şöbəsinin
rəhbəri Faris Əbu Həmzə ölənlərin sayını təsdiqləyib və onlarla
insanın yaralandığını bildirib. Onun sözlərinə görə, yaralılar
yaxınlıqdakı Kamal Ədvan xəstəxanasında müalicə edilir.
O, "Çox sayda qadın və uşaqların vəziyyəti ağırdır" deyib.
HƏMAS-ın rəhbərlik etdiyi militantlar bir il əvvəl, oktyabrın 7-də
İsrailin cənubuna hücum edərək, əksəriyyəti mülki şəxs olmaqla,
1200-ə yaxın insanı qətlə yetirib, 250-yə yaxın insanı girov
götürüb.
Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin cavab
hücumu nəticəsində 42 mindən çox fələstinli ölüb. İsrail ordusu
ölənlər arasında minlərlə militantın olduğunu bildirib.