Üç il əvvəl Rusiya ordusu Ukraynaya genişmiqyaslı hücuma başladı.
Müharibə on minlərlə ukraynalının həyatına son qoydu və milyonlarla
insanı qaçqın vəziyyətinə saldı.
Üç il ərzində BMT-nin sənədləşdirdiyi rəsmi məlumatlara görə,
Ukraynada 12 600-dən çox mülki şəxs həlak olub və 29 000-dən çox
insan yaralanıb. Əslində, qurbanların sayı xeyli çoxdur, çünki
Rusiya tərəfindən işğal olunmuş
ərazilərdə ölənlər və yaralananlar
haqqında dəqiq məlumatlar mövcud deyil.
Ukrayna hakimiyyətinin məlumatına görə, üç il ərzində Rusiya ilə
müharibədə 46 000-dən çox Ukrayna hərbçisi həlak olub. Bu barədə
2025-ci ilin fevralında Prezident Volodimir Zelenski NBC News-a
verdiyi müsahibədə bildirib.
Rusiya rəsmi olaraq sonuncu dəfə 2022-ci ilin sentyabrında
Ukraynada 6 minə yaxın rus hərbçisinin öldüyünü açıqlayıb. Lakin üç
il ərzində BBC-nin Rus xidməti və "Mediazona" nəşri açıq mənbələrə
əsaslanaraq Ukraynada 95 026 rus hərbçisinin həlak olduğunu müəyyən
edib. Hərbi ekspertlər hesab edirlər ki, media tərəfindən
nekroloqların, qəbiristanlıqların və hərbi memorialların
araşdırılması əsasında müəyyən edilən bu rəqəm, ümumi itkilərin
45-65%-ni təşkil edə bilər.
Ukrayna Sosial Siyasət Nazirliyinin 2024-cü ilin dekabr ayı üçün
hesabatına görə, müharibənin başlanmasından sonra ölkə daxilində
məcburi köçkün kimi qeydiyyatdan keçən 3,6 milyon vətəndaş var.
BMT-nin məlumatına görə, 2025-ci ilin yanvar ayına qədər dünya üzrə
6,9 milyona yaxın ukraynalı qaçqın kimi qeydiyyata alınıb, onlardan
6,3 milyonu Avropa ölkələrində yaşayır. Müharibədən əvvəl
Ukraynanın əhalisi 40 milyondan çox idi.
BMT-nin hesabatına əsasən, Ukraynada yaşayış evlərinin 10%-dən çoxu
zədələnib və ya tamamilə dağıdılıb, bu da ən azı 2 milyon insanın
adekvat yaşayış yerindən məhrum olması deməkdir. Müharibə zamanı
3600-dən çox məktəb və universitet zədələnib və ya dağıdılıb.
BMT-nin məlumatına görə, hazırda Ukraynada 12,7 milyon insanın
humanitar yardıma ehtiyacı var.
Rusiyanın genişmiqyaslı işğalından sonra Ukraynanın iqtisadi
itkilərini sənədləşdirən Kiyev İqtisadiyyat Məktəbinin məlumatına
görə, 2024-cü ilin sonuna qədər ölkənin infrastrukturuna dəyən
ziyan 170 milyard dolları ötüb. Ən çox zərər görən sektorlar isə
yaşayış fondu, nəqliyyat infrastrukturu və enerji sistemi olub.
- Rusiya ordusu Ukraynanın ərazisinə 2022-ci il fevralın 24-də
daxil olub.
- Prezident Vladimir Putin "xüsusi hərbi əməliyyatın" məqsədi
kimi Ukraynanın "demilitarizasiyası və denasifikasiyasını" elan
edib.
- Ukraynaya Rusiya ordusunun genişmiqyaslı müdaxiləsindən əvvəl
Putin Ukraynanın iki separatçı bölgəsi – Donetsk və Luqanskın
qondarma "xalq respublikaları"nın "müstəqilliyini" tanıyıb. Bundan
əvvəl isə Rusiya Ukraynanın NATO-ya üzv olmamasını tələb
edirdi.
- 2022-ci il sentyabrın 30-da Rusiya Ukraynanın Xerson,
Zaporojye, Donetsk və Luqansk vilayətlərini öz ərazisi elan edib,
lakin bu bölgələrin heç birinə tam nəzarət edə bilmir.
- 2014-cü ildən bəri Rusiya Ukraynanın Krım yarımadasını və
Sevastopol şəhərini ilhaq edib.
- Putinin hakimiyyəti müharibənin bitməsi üçün Ukraynanın artıq
işğal olunmuş ərazilərini Rusiya torpağı kimi tanımasını və ölkənin
NATO-ya qoşulmaqdan imtina etməsini tələb edir.
- Ukrayna isə öz ərazilərindən imtina etməyəcəyini və
təhlükəsizliyinin beynəlxalq zəmanətlə təmin olunmasını tələb
edir.