Avropa İttifaqı Rusiyaya qarşı 16-cı sanksiya paketinin qəbul edildiyini elan edib

Ukraynada müharibənin başlamasının üçüncü ildönümündə Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni, 16-cı fərdi və iqtisadi sanksiyalar paketinin qəbul edildiyini elan edib.



Fərdi sanksiyalara Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə xələl gətirən 48 fiziki və 35 hüquqi şəxs daxildir.

Aİ mövcud sanksiyalardan yayınaraq Rusiya neftini, hərbi texnikasını və Ukraynadan oğurlanmış taxılı daşıyan 74 tankerə və gəmiyə əlavə
sanksiyalar tətbiq edib.

Rusiyanın daha 13 bankına beynəlxalq maliyyə məlumatlarının ötürülməsi sistemi olan SWIFT-dən istifadə qadağan olunub.

Sanksiyalar Rusiyanın hərbi-sənaye kompleksinin fəaliyyətini dəstəkləyən 53 əlavə təşkilatı da əhatə edir. Onların arasında Çin, Hindistan, Qazaxıstan, Sinqapur, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Özbəkistanın bəzi şirkətləri də var.

16-cı sanksiya paketi həmçinin Rusiyadan alüminium idxalının qadağan edilməsini də nəzərdə tutur.

Bundan əlavə, Avropa İttifaqında səkkiz rus mediasına yayım lisenziyası dayandırılıb. Onların arasında EADaily/Eurasia Daily, Fondsk, NewsFront, RuBaltic, Tvzvezda və Lenta da var.


 

Print Email
FaceBook Twitter Google