Tramp administrasiyası bazar günü ABŞ-ın Beynəlxalq İnkişaf
Agentliyinin (USAID) dünya boyu çalışan işçilərinin əksəriyyətini
məzuniyyətə göndərdiyini
və ABŞ-dakı 2,000 iş yerini ləğv etdiyini elan edib.
Bu addım Prezident Donald Tramp və onun xərcləri azaltmaqda
müttəfiqi olan İlon Maskın federal hökumətin miqyasını kiçiltmək
məqsədilə, altmış illik tarixə malik bu yardım və inkişaf
agentliyini ləğv etmək üçün atdığı
ən böyük addımlardan
biridir.
Bu qərar cümə günü federal hakimin administrasiyanın ABŞ və dünya
üzrə minlərlə USAID işçisini işdən kənarlaşdırmaq planını həyata
keçirməsinə icazə verməsindən sonra verilib. ABŞ Dairə Hakimi Karl
Nikols hökumətin bu planının müvəqqəti dayandırılmasını tələb edən
işçilərin iddiasını rədd edib.
"23 fevral 2025-ci il bazar günü, saat 23:59-dan etibarən, əsas
vəzifələr, əsas rəhbərlik və/və ya xüsusi təyin olunmuş proqramlar
üçün məsul olan heyət istisna olmaqla, USAID-in birbaşa işə
götürülən bütün işçiləri qlobal miqyasda inzibati məzuniyyətə
göndəriləcək", - Associated Press-in əldə etdiyi
USAID işçilərinə göndərilən bildirişlərdə deyilir.
Agentlik eyni zamanda ABŞ-da 2,000 iş yerini ləğv edəcək işçi
sayının azaldılması prosesinə başlayıb. Bu o deməkdir ki, USAID-in
hazırda məzuniyyətə göndərilən Vaşinqtondakı işçilərinin çoxu
tezliklə işlərini itirəcək.
Tramp tərəfindən təyin edilən və hazırda USAID-i idarə edən
administrator müavini Pit Marokko hazırda xaricdə olan USAID
işçiləri və onların ailələrinin səyahətlərini təşkil etmək
məqsədilə, əsasən ABŞ-da çalışan təxminən 600 işçinin hələlik işdə
saxlamağı planlardırdığını bildirib.
USAID və Dövlət Departamenti şərh vermək üçün müraciətlərə dərhal
cavab verməyib.
Bununla da, Vaşinqtondakı qərargahını bağlamaq və bütün xarici
yardımları dondurmaq cəhdindən sonra bütün dünyada minlərlə yardım
və inkişaf proqramlarına son qoymaq da daxil olmaqla agentliyin
ləğvi yolunda bir aydır davam edən səylər güclənir. Tramp və Mask
USAID-in fəaliyyətini israfçılıq hesab edir və onun liberal gündəmi
irəlilətdiyini iddia edirlər.
Dövlət qulluqçularının həmkarlar ittifaqları, USAID podratçıları və
digər maraqlı tərəflər tərəfindən açılan məhkəmə iddialarında
deyilir ki, Konstitusiyaya görə, administrasiya qanunvericilərin
təsdiqi olmadan müstəqil bir agentliyi və ya Konqres tərəfindən
maliyyələşdirilən proqramları ləğv etmək səlahiyyətinə malik
deyil.
Tramp administrasiyasının bu səyləri, ABŞ-ın uzun illərdən bəri
xaricdə yardım və inkişaf işlərinin regional sabitliyi və
iqtisadiyyatı gücləndirməklə milli təhlükəsizliyə xidmət etdiyi və
beynəlxalq nüfuz qazanmaq üçün "yumşaq güc" vasitəsi olduğuna dair
siyasətini alt-üst edir.
AP-nin əldə etdiyi nüsxələrə görə, işdən çıxarılma və inzibati
məzuniyyət bildirişlərindən əlavı, ötən həftə yüzlərlə USAID
podratçısına adları qeyd edilməyərək, işdən çıxarıldıqlarına dair
məktublar göndərilib.
İşçilər qeyd edirlər ki, USAID podratçılarına göndərilən bu ümumi
bildirişlərdə ad və vəzifələrinin qeyd edilməməsi, işdən çıxarılan
işçilərin işsizlik müavinəti almasını çətinləşdirə bilər.
USAID ilə bağlı ikinci məhkəmə işində isə başqa bir hakim xarici
maliyyələşdirmənin dondurulmasını müvəqqəti dayandırıb və ötən
həftə administrasiyanın onun məhkəmə qərarına baxmayaraq yardımları
saxladığını bildirib. Hakim administrasiyaya dünya üzrə proqramlara
maliyyənin ən azı müvəqqəti bərpa olunmasını əmr edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415