ABŞ Dövlət Departamenti iyunun 11-də bildirib ki, ABŞ Yaxın Şərqdə
fəaliyyət üçün zəruri olmayan şəxslərin sayını azaldır.
Bu açıqlama regionda artan təhlükəsizlik riskləri fonunda
Bağdaddakı ABŞ səfirliyinin təcili təxliyəyə hazırlaşdığına dair
məlumatların yayıldığı bir zamanda gəlib.
ABŞ həmçinin Bəhreyn və Küveytdəki zəruri olmayan əməkdaşlara və
onların ailə üzvlərinə ölkəni tərk etməyə icazə verir və onların
getmək və ya qalmaq seçimini tanıyır.
İraq Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi ABŞ səfirliyinin
əməkdaşlarının "məhdud sayda" çıxışını təsdiqləyib və qərarın
regional gərginliklə bağlı mümkün təhlükəsizlik narahatlıqları
əsasında verildiyini bildirib.
ABŞ və İran arasında nüvə danışıqlarının dalana dirənməsi və 18
aydır Qəzzada davam edən müharibədən sonra regionda gərginliyin
artması bunun daha geniş müharibəyə səbəb ola biləcəyi ilə bağlı
narahatlıqları artırır.
Danışıqların məqsədi İranın nüvə proqramını məhdudlaşdırmaq
müqabilində ABŞ-nin tətbiq etdiyi bəzi iqtisadi sanksiyaların ləğv
olunmasıdır. İran isə israrla nüvə proqramının dinc məqsədlərə
xidmət etdiyini bildirir.
İran tərəfi bəyan edib ki, ABŞ ilə danışıqların növbəti raundu
iyunun 15-də Omanda keçiriləcək. İran ali dini lider Əli Xameneinin
"100 faiz" milli maraqlara zidd adlandırdığı, ABŞ-nin təklif etdiyi
sazişi rədd etdikdən sonra onun əvəzində cavab təklifi üzərində
işləyir.
ABŞ mətbuatının ölkə rəsmisinə istinadən verdiyi məlumata görə,
ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff Muskatda İranın xarici
işlər naziri Abbas Əraqçi ilə görüşəcək və İranın cavabını müzakirə
edəcək.
ABŞ-nin İraq, Küveyt, Bəhreyn, Qətər və Birləşmiş Ərəb
Əmirliklərində hərbi mövcudluğu var.
"Reuters"in ABŞ rəsmisinə istinadən xəbər verir ki, ABŞ-nin Yaxın
Şərqdəki ən böyük hərbi bazası olan Qətərdəki "Əl-Udeyd" hərbi hava
bazasının statusunda heç bir dəyişiklik yoxdur və ölkənin Qətərdəki
səfirliyinin əməkdaşları və ya onların ailələri üçün heç bir
təxliyə əmri verilməyib.
Prezident Donald Tramp zəruri olmayan əməkdaşlara getmək imkanı
verilməsi barədə xəbərlərə cavab olaraq, insanların "təhlükəli"
Yaxın Şərqdən köçürüldüyünü deyib.
"Nə baş verəcəyini görəcəyik", - Tramp
Vaşinqtonda Kennedi Mərkəzinə daxil olarkən bildirib.
"Onların nüvə silahı ola bilməz", - Tramp
İran və nüvə danışıqlarına işarə edərək əlavə edib.
İyunun 11-də dərc olunan müsahibədə Tramp bildirib ki, onun İranın
nüvə proqramı ilə bağlı razılığa gələcəyinə olan inamı bir neçə ay
öncəki vəziyyətə nisbətən xeyli azalıb.
İyunun 11-də yayımlanan "The New York Post" podkastında danışan
Tramp bildirib ki, Tehranın nüvə fəaliyyətlərini dayandırmasına
nail olub-olmayacağını bilmir.
"Bilmirəm. Əvvəl belə düşünürdüm, amma getdikcə bu
barədə inamım daha da azalır", - ABŞ prezidenti
deyib.
"Görünür, onlar işi yubadırlar, bu, utancvericidir.
İndi bir neçə ay öncəkindən daha az inamlıyam. Onlara nəsə
olub", - o, iyunun 9-da müsahibəsində bildirib.
Tramp diplomatiya uğursuz olarsa, İranın nüvə obyektlərinə qarşı
hərbi əməliyyatı istisna etməyib. ABŞ kəşfiyyatı isə danışıqların
iflasa uğrayacağı təqdirdə İsrailin İranı vurmağa hazırlaşdığını
deyir.
İranın müdafiə naziri Əziz Nəsirzadə iyunun 11-də bildirib ki, nüvə
danışıqları uğursuz olarsa və Vaşinqtonla münaqişəyə başlayarsa,
Tehran regiondakı ABŞ bazalarını vurmaqla cavab verəcək.
İranın BMT-dəki nümayəndəliyi isə X platformasındakı paylaşımında
qeyd edib ki, güc tətbiqi ilə bağlı təhdidlər
"faktları
dəyişməyəcək: İran nüvə silahı əldə etməyə çalışmır və ABŞ hərbi
təcavüzkarlığı yalnız qeyri-sabitliyi artırır".
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415