İsrail İrana zərbələr endirib
İsrail iyunun 13-də İranın nüvə obyektləri və hərbi ərazilərədə “qabaqlayıcı” zərbələr endirdiyini bildirib. Təl-Əviv xəbərdarlıq edib ki, hücumlar davam edəcək, məqsəd Tehranın nüvə silahı hazırlamasının qarşısını almaqdır.

Baş nazir Benyamin Netanyahu bildirib ki, “İranın İsrailin varlığına yaratdığı təhdidi aradan qaldırmaq üçün” İsrail hədəfli hərbi əməliyyata başlayıb. Onun sözlərinə görə, hücum “hədə aradan qaldırılanadək davam edəcək”. O, əməliyyatı Yüksələn Şir adlandırıb.

“İranın nüvə zənginləşdirmə proqramının ürəyindən vurmuşuq. Natanzdakı əsas zənginləşdirmə obyektini hədəfə aldıq... İranın ballistik raket proqramının da mərkəzini vurduq”, – Netanyahu video bəyanatında deyib. O, “İran bombası üzərində işləyən” nüvə alimlərinin də vurulduğunu sözlərinə əlavə edib.

Bir İsrail rəsmisi İran ərazisində onlarla obyektə zərbə endirildiyini vurğulayıb.

Tehran zərbələrdən sonra

İranın dövlət televiziyası Tehrandakı İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) komandanlığının da vurulduğunu bildirib. İİKK komandiri, general mayor Hüseyn Salami öldürülüb, Tasnim agentliyi xəbər verir.

Dövlət televiziyası Natanz uran zənginləşdirmə obyektinə “bir neçə dəfə” zərbə endirildiyini bildirib, ərazidən qalxan qatı tüstünün görüntülərini yayıb.

Tehranda və bir neçə başqa şəhərdə yaşayış məskənlərinə də zərbələr endirilib. Rəsmi IRNA xəbər agentliyi zərbələr nəticəsində Tehranda yaşayış kompleksində qadınlar və uşaqlar daxil olmaqla ölənlərin olduğunu bildirib.

İranın Ali dini lideri Ayətulla Əli Xameneyi xəbərdarlıq edib ki, İsrail bu hücumların ağır nəticəsi ilə üzləşəcək.

“Sionist rejim bu cinayətlə özünə acı və ağrılı bir tale yazdı və bunu mütləq alacaq”, – Xameneyi bəyanatında deyib.


Vaşinqtondan reaksiya
İyunun 13-də səhər ABŞ prezidenti Donald Tramp Milli Təhlükəsizlik Şurasının iclasına qatılacaq. Məlumatı Ağ ev yayıb. Tramp İsrailin zərbələrindən bir neçə saat öncə gərginliyi diplomatik yolla həll etməyə çağırmışdı.

ABŞ Dövlət katibi Marko Rubio deyib ki, İsrail “İrana qarşı birtərəfli addım” atıb və Birləşmiş Ştatlar bunda iştirak etmir.

İsrail Vaşinqtona bildirib ki, özünümüdafiə üçün zərbələr vacibdir, Rubio Ağ evin yaydığı bəyanatında qeyd edir. Onun sözlərinə görə, Birləşmiş Ştatlar qüvvələrini qorumaqdan ötrü addımlar atıb, regiondakı tərəfdaşları ilə əlaqədədir.

İsrailin müdafiə naziri İsrael Kats İrandan mümkün cavab zərbəsi gözlənildiyi üçün ölkəsində “xüsusi vəziyyət” elan edib.

İsrailin “El Al Airline” şirkəti bütün uçuşları təxirə saldığını bildirib. İran dövlət mediası da ölkənin hava məkanının bağlandığını açıqlayıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google