'Taliban' Əfqanıstanda qalası oldu
İslam dininin sərt təfsiri ilə tanınan "Taliban" silahlı qruplaşması 2021-ci ildə Əfqanıstanda Qərbin dəstəklədiyi hökuməti devirdi və hakimiyyəti ələ keçirdi. Bundan sonra qruplaşmanın beynəlxalq miqyasda tanınma uğrunda çətin mübarizəsi başladı.

Amma son dörd ildə "Taliban" beynəlxalq ictimaiyyətə özünü de-fakto qəbul etdirməyi bacarıb. Baxmayaraq ki, hazırda bircə Rusiya onun hakimiyyətini rəsmən tanıyır.

"Dünya artıq "Taliban"ın burada qalacağını
qəbul edib",
– bunu Kanada Asiya-Sakit Okean Fondunun aparıcı elmi əməkdaşı Maykl Kuqelman deyir.

Məsələ ondadır ki, indiki durum "Taliban"ın 1996-2001-ci illərdə ilk hakimiyyət dövründən kəskin fərqlənir. O zaman qruplaşma silahlı müqavimətlə üzləşmiş, özünü xarici aləmdən təcrid etmiş beynəlxalq səviyyədə arzuolunmaz rejimə çevrilmişdi.

"Taliban 2021-ci ildə hakimiyyətə qayıtdığı andan sübut etdi ki, legitimlik qazanmaq istəyir və buna qadirdir", – Kuqelman əlavə edib.

Siyasi dövran dəyişib
Onlarla ölkə, o cümlədən Rusiya və Çin kimi regional güclər Kabildə səfirlik açıblar. Bəzi dövlətlər "Taliban" diplomatlarını qəbul edib. Hətta Qərb ölkələri də "Taliban"la əlaqələr qurublar.

AzadlıqRadiosunun jurnalisti Frud Bejan yazır ki, bu yaxınlaşmanın əsas səbəbi praqmatizmdir. Bir tərəfdən, Əfqanıstanda yerləşən "İslam Dövləti – Xorasan" (İD-X) ekstremist qrupu beynəlxalq təhdid yaradır. Digər tərəfdən, Qərb sığınacaq ala bilməyən əfqanları geri qaytarmağa çalışır.

"Avropada daxili təzyiq getdikcə artır. Sağçı partiyaların təsiri ilə sığınacaq müraciətləri rədd edilən əfqan qaçqınların deportasiyası tələb olunur. Avropa ölkələri "Taliban" rejimi ilə razılaşmadan bu deportasiyaları gerçəkləşdirə bilməz", – Londondakı "Chatham House" təhlil mərkəzinin əməkdaşı Həmid Hakimi bildirib.

Avstriya oktyabrın 21-də bir əfqanı vətəninə deportasiya edib, 2021-ci ildən bəri ilk dəfə. Almaniya isə ötən il əfqanların deportasiyasını bərpa edən ilk Qərb ölkəsi olub.

Avropa İttifaqı (Aİ) oktyabrın 20-də bildirib ki, sığınacaq müraciəti uğursuz olanların deportasiyasını gücləndirmək məqsədilə "Taliban" hökuməti ilə "araşdırıcı" əlaqələr qurmağa başlayıb.

Moskvadakı Əfqanıstan səfirliyinin binası üzərində Əfqanıstan İslam Əmirliyinin bayrağı.

Bu arada, Avropa ölkələri devrilmiş Əfqanıstan hökumətindən qalan diplomatların idarə etdiyi səfirlikləri bağlayıb, "Taliban" rəsmilərinin həmin diplomatik missiyaların başına keçməsinə icazə verib.

Hakiminin sözlərinə görə, Avropa artıq Əfqanıstanda siyasi durumun kəskin dəyişdiyini, əvvəlki əfqan dövlətinin bərpasının mümkünsüz olduğunu qəbul edir.

Qərbin "Taliban"la əlaqə qurmasına insan haqları təşkilatları etiraz edirlər. Axı "Taliban" hakimiyyətə qayıdandan çoxsaylı insan haqları pozuntularına, o cümlədən məhkəməsiz edamlara yol verib. Beynəlxalq Cinayət Məhkəməsi iyulda "Taliban" liderləri barəsində qadınlara və qızlara qarşı təqiblərə görə həbs orderi çıxarıb.

Legitimliyə daha bir təkan
"Taliban" beynəlxalq arenada legitimliyini gücləndirsə də, ölkə daxilində dəstək qazanmaq səyləri, əsasən, uğursuz olub.

Qrup əvvəlcə özünü daha mülayim bir qüvvə kimi təqdim etməyə çalışıb, bununla əfqanları sakitləşdirmək istəyib. Lakin vədlərinə əməl etməyib, qadın azadlıqlarını ciddi məhdudlaşdırıb, narazılara amansız divan tutub, hakimiyyəti əlində cəmləyib.

1990-cı illərdən fərqli olaraq, indi "Taliban" hakimiyyətinə qarşı ciddi daxili təhlükə görünmür, bu da onun ölkədəki mövqeyini daha da möhkəmləndirir.

Daxili legitimliyini artırmaq niyyəti ilə "Taliban" xarici rəqiblərlə gərginliklərdən də faydalanıb.

Bu ayın əvvəlində "Taliban" döyüşçüləri ilə Pakistan qüvvələri arasında şiddətli döyüşlər baş verib. Öncə İslamabad Əfqanıstan paytaxtı Kabilə hava zərbələri endirib. Daha sonra hava hücumları və quru döyüşlərində hər iki tərəfdən onlarla insan həlak olub. Bu, tərəflər arasında indiyədək ən qanlı toqquşmalardan biri idi genişmiqyaslı münaqişəyə çevrilmə təhlükəsi yaranmışdı.

Artıq Qətər və Türkiyənin vasitəçiliyi ilə atəşkəs əldə olunub, yaxın günlərdə tərəflərin İstanbulda sülh danışıqları aparacağı gözlənilir.

""Taliban" bu böhrandan həm daxili, həm də beynəlxalq legitimlik baxımından böyük qazanclar əldə etdi", – M.Kuqelman deyir. Belə ki, "Taliban" Pakistana cavab tədbirləri ilə ölkə daxilində birliyi təmin etdi, eyni zamanda, beynəlxalq vasitəçiliklə əldə olunan razılaşma böhrana son qoydu.

Kuqelmanın sözlərinə görə, ""Taliban" üçün bu, əsas məqsədlərindən biri – həm daxildə, həm də xaricdə legitimlik qazanmaq yönündə vacib qələbə idi".

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google