Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat
Federasiyası (AŞF), Gürcüstan Şahmat Federasiyası (GŞF) eləcə də
SOCAR-ın təşkilatçılığı ilə internet üzərindən blits şahmat üzrə
beynəlxalq İpək Yolu Kuboku keçiriləcək.
Bu barədə AŞF-dən məlumat verilib.
Turnir Beynəlxalq Şahmat Federasiyasının (FİDE) vitse-prezidenti
Mahir Məmmədovun təşəbbüsü ilə 26 mayda Gürcüstanda Müstəqillik
gününə, 28 mayda isə Azərbaycanda Respublika gününə həsr
ediləcək.
Yarışın keçirilməsində əsas məqsəd Azərbaycan və Gürcüstanda bayram
günlərində iki ölkə arasında idman əlaqələrinin inkişafı, pandemiya
dövründə şahmatçıların oyun praktikasının saxlanılması eləcə də
şahmatın təbliği ilə bağlıdır.
Yarış
playchess.com virtual oyun platformasında keçiriləcək.
Turnirdə ümumilikdə 50 iştirakçı olacaq. İpək Yolu Kubokunda AŞF və
GŞF tərəfindən FİDE əmsalına görə (01.05.2020 tarixinə) kişilərdə
ilk 12, qadınlarda ilk 8 şahmatçı və 16 yaşa qədər gənclər arasında
(01.01.2020 tarixinə 16 yaşı tamam olmamış) ilk 3 şahmatçı mübarizə
aparacaq. Federasiyalar yarışa “wild card” ilə 2 şahmatçı dəvət
etmək hüququna malikdir.
Yarışın ümumi mükafat fondu 20 min avro təşkil edir. Turnirdə
mübarizə aparacaq bütün şahmatçılar göstərdikləri nəticəyə müvafiq
olaraq pul mükafatı qazanacaq. İsveçrə sistemi üzrə təşkil olunacaq
yarış 15 turdan ibarət olacaq.
Nəzarət vaxtı hər bir şahmatçıya oyunun sonuna qədər 3 dəqiqə və
birinci gedişdən başlayaraq hər gediş üçün iki saniyə əlavə olmaqla
müəyyən edilir. 1 – 7 turlar mayın 26-da saat 15:00-da, 8-15 turlar
mayın 28-də 18:00-da başlayacaq.
Mənbə: NewsBureau