Marneulidə fəaliyyət göstərən "Gürcüstan Azərbaycanlı İdmançılar
Birliyi" Azərbaycan Gənclər və İdman naziri Azad Rəhimovun vəfatı
ilə bağlı başsağlığı verib.
Bu barədə məlumat "Gürcüstan Azərbaycanlı İdmançılar Birliyi"-nin
“Facebook” səhifəsində paylaşılıb.
Azərbaycan Respublikası Gənclər və Idman Nazirliyinə və Azərbaycan
Respublikasının Gürcüstandakı Səfirliyinə ünvanlanan başsağlığında
deyilir:
"Gürcüstan Azərbaycanlı İdmançılar Birliyi" adından
Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimovun
vəfatı ilə bağlı mərhumun doğmalarına, yaxınlarına və idman
ictimaiyyətinə dərin hüznlə başsağlığı veririk," –
paylaşılan məlumatda deyilir.
Qeyd edək ki, Azərbaycan Gənclər və İdman naziri Azad Rəhimov
aprelin 30-da 56 yaşında vəfat edib.
Xəbərlərə görə, Azad Rəhimov uzun çəkən xəstəlikdən sonra vəfat
edib.
O, son 8 ay ərzində ABŞ-da müalicə olunurdu. Azad Arif oğlu Rəhimov
1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olub.
1971-ci ildə Bakıda 134 saylı məktəbə daxil olub.
1981-ci ildə məktəb orta təhsilini bitirərək Azərbaycan Dillər
Universitetinin ingilis dili fakültəsinə daxil olub.
1986-cı ildə həmin fakültənin axşam şöbəsini bitirərək, ingilis
dili müəllimi ixtisası alıb.
Əmək fəaliyyyətinə 1984-cü ildə Xətai rayonu 245 saylı məktəbdə
komsomol katibi vəzifəsi ilə başlayıb.
1986-cı ilin iyun ayından 1987-ci ilin noyabr ayınadək Moskva
şəhərində həqiqi hərbi xidmətdə olub.
1987-1989-cu illərdə Xətai rayon komsomol komitəsində şöbə müdiri,
1989-1990-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin
sədri vəzifəsində işləyib.
1994-1998-ci illərdə «Ros-İMESKO» Məhdud Məsuliyyətli Cəmiyyətin
baş direktoru, 1998-ci ildən 2006-cı ilədək «İtaldizayn» Qapalı
Səhmdar Cəmiyyətin baş direktoru olub.
2006-cı ilin fevralın 7-də Gənclər və İdman Naziri vəzifəsinə təyin
olunub və o vaxtdan bəri bu vəzifədə çalııb.
Azad Rəhimov Azərbaycanda gənclər və idman sahəsiylə bağlı
keçirilmiş irimiqyaslı layihələrin fəal iştirakçılarından biri
olub.
Azərbaycanın Eurovision mahnı müsabiqəsində iştirakı ilə bağlı,
2015-ci ilin Birinci Avropa Oyunlarının və Formula1 yarışının
Azərbaycanda keçirilməsi ilə bağlı mediada adı daha çox
hallandırılan şəxslərdən biri Azad Rəhimov olub.
Formula1 turnirinin Azərbyacanda keçirilməsilə bağlı məsələlərə
cavabdeh olan və turniri təşkil edən Azerbaijan Grand Prix
şirkətinə Azad Rəhimovun oğlu Arif Rəhimov başçılıq edir.
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın Araşdırılması üzrə
Beynəlxalq Jurnalist Layihəsi (OCCRP) Azərbaycanın Gənclər və İdman
Naziri Azad Rəhimov tərəfindən ona yaxın olan şirkətlərin
vasitəsilə 10 ildən çox müddət ərzində iri miqyaslı korrupsiyaya
yol verdiyini iddia edib.
Öz növbəsində, Azad Rəhimov 2018-ci ilin oktyabrında Avropa Şurası
İdman Nazirlərinin 15-ci konfransında iştirak edərkən "Azərbaycanda
idman sahəsində korrupsiya anlayışının olmadığını" bəyan edib.
Azad Rəhimovun babası Sadıq Rəhimov 1954-1958-ci illərdə Azərbaycan
SSR Nazirlər Sovetinin Sədri olub, 1965-1975-ci illərdə isə
Azərbaycan SSR Yüngül Sənaye Naziri olub.
Azad Rəhimov 2015-ci ildə "Şöhrət" ordeni, 2019-cu ildə 1-ci
dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, Fövqaladə Hallar
Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Xüsusi Dövlət Mühafizə
Xidmətinin, Dövlət Təhlükəsizlik Xidmətinin medalları ilə təltif
edilib.