Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxış edən Gürcüstan yığmasının
iki cüdoçusu ölkədən çıxarılıb.
Buna səbəb onların koronavirus protokollarını pozması olub.
Adları açıqlanmayan həmin idmançılar Oyunlardan kənar məqsədlə
Atletlər Kəndini tərk edib və Tokio gəzintisinə çıxıb. Bu, onların
akkreditasiyalarının əllərindən alınmasına və Olimpiya Kəndinə
buraxılmamasına gətirib çıxarıb.
Gürcüstan Olimpiya Komitəsi də məlumatı təsdiqləyib. Ölkəni tərk
etmək üçün 48 saat vaxt verilən cüdoçular artıq Yaponiyadan
ayrılıblar.
Gürcüstan mətbuatının iddiasına görə, həmin şəxslər gümüş
mükafatçılar Vaja Marqvelaşvili (66 kq) və Laşa Şavdatuaşvilidir
(73 kq). Onlar Yaponiyada yaşayan tanışlarından birini görmək üçün
Olimpiya Kəndini tərk ediblər.
Qeyd edək ki, Tokio-2020 avqustun 8-də başa çatacaq.
Mənbə: apa.az