Marneulinin tikintisinə 7 il əvvəl başlanılan mərkəzi stadionunda
tikinti işləri davam etdirilir. Marneuli şəhərində tikilən stadion
UEFA II kateqoriyalı, 2 000 tamaşaçı tutumludur.
4 may tarixində stadionun tikinti prosesi ilə Regional İnkişaf və
İnfrastruktur naziri İrakli Karseladze, Gürcüstanın Bələdiyyələrin
İnkişafı Fondunun icraçı direktorunun birinci müavini Qiorqi
Tsibadze, Kvemo Kartli üzrə dövlət nümayəndəsinin müavini İlia
Calağaniya, Marneuli meri Kənan Ömərov, Marneuli Bələdiyyə
Məclisinin sədri Amiran Qiorqadze və yerli özünüidarə orqanlarının
əməkdaşları maraqlanıblar. Bu barədə məlumatı Marneuli meriyası
yayımlayıb.
Məlumata görə, stadion kompleksində soyunub-geyinmə otaqları, vanna
otaqları, tez qidalanma yerləri və digər təsərrüfat anbarları
olacaq. Stadionun işıqlandırılması, səs və yanğın sistemlərinin
quraşdırılması, televiziya reportajları üçün xüsusi yerlər təşkil
ediləcək. Stadion fiziki imkanları məhdud şəxslər üçün də
uyğunlaşdırılacaq.
Layihə Gürcüstan Hökumətinin maliyyəsi ilə Gürcüstanın Regional
İnkişaf və İnfrastruktur Nazirliyinin Bələdiyyələrin İnkişafı Fondu
tərəfindən həyata keçirilir və dəyəri 8,1 milyon laridir.
Marneulinin mərkəzi stadionunun tikinti işlərinin 2023-cü ilin
dekabrına qədər tamamlanması planlaşdırılır.
Qeyd edək ki, stadion üçün smeta sənədlərini Marneuli bələdiyyəsi
hələ 2016-cı ildən hazırlamışdı. Bunun üçün 150 000 lari
xərcləmişdi. Ancaq qeyd olunan sənədin yenilənməsinə ehtiyac
yaranmışdı. Çünki 2017-ci ildən Gürcüstan hökuməti tərəfindən
tətbiq edilmiş "Tikililərin Təhlükəsizlik Qaydaları" texniki
reqlamenti qüvvəyə mindi. 2019-cu ildə smeta sənədlərində
dəyişiklik edildi. Bunun nəticəsində isə işlər üçün birinci tenderi
elan etdilər. Məhz həmin tender dəyişdirilmiş/düzəldilmiş smeta
sənədlərinə görə baş tutmadı.