Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən
avarçəkmə üzrə “Prezident kuboku - 2022” reqatasına Gürcüstandan da
idmançılar dəvət olunublar.
Bu barədə mətbuata açıqlamasında Gürcüstanın Milli Kanoe
Federasiyasının baş katibi Marlen Quniya bildirib. Onun sözlərinə
görə, bu yarışmada Gürcüstanı gənclərdən ibarət beş idmançı təmsil
edəcək.
Federasiya beynəlxalq yarışda gürcü avarçəkənlərin medallar əldə
edəcəklərini gözləyir.
Gürcüstan nümayəndə heyətinə Milli Kanoe Federasiyasının prezidenti
Zaza Nadiradze başçılıq edəcək. Avarçəkənləri M.Quniya da müşayiət
edəcək.
Qeyd edək ki, “Prezident kuboku - 2022” reqatası mayın 6-da
Suqovuşanda start götürəcək. İlk gündə kayak və kanoe üzrə qaliblər
müəyyənləşəcək.
Mayın 7-də isə idmançılar Mingəçevirdə yerləşən “Kür” Olimpiya
Tədris-İdman mərkəzində akademik avarçəkmə üzrə mübarizə
aparacaqlar. “Prezident kuboku”na ümummilli lider Heydər Əliyevin
həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou və
atəşfəşanlıqla yekun vurulacaq.
Mənbə: azertac.az