Zabit Səmədovun vida döyüşü gecəsində Gürcüstanı təmsil edən Qardabanili idmançı qələbə qazanıb (VİDEO)
10 sentyabr tarixində Bakı şəhərində Zabit Səmədovun vida döyüşü keçirilib. 65 kq çəki dərəcəsində Gürcüstanı təmsil edən Qardabanili idmançı Emil Xəlilov Türkiyəli rəqibi Nuri Kaçarı nokauta salaraq qələbə qazanıb. Hər iki idmançıya medal verilib. Xəlilov Gürcüstanın bayrağı ilə arenada dövrə vurub.

Əsas döyüşdən öncə Azərbaycanın daha bir neçə idmançısı öz qüvvəsini sınayıb. Belə ki, Azərbaycan kikboksçusu Məhəbbət Hümbətov “Qladiator” ləqəbli İhab Lahlunu (Mərakeş) sınağa çəkib. 70 kq-da çıxış edən Azərbaycan idmançısı rəqibini məğlub edib.

Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Alim Nəbiyev də növbəti qələbəsini qazanıb. 77 kq çəki dərəcəsində mübarizə aparan 28 yaşlı idmançı rumıniyalı Andrey Ostrovyanu ilə qarşılaşıb. Alim bu döyüşdə rəqibini məğlub edib. Nəbiyev qarşılaşmanı vaxtından əvvəl başa vurmağı bacarıb. O, sonuncu raundda rəqibini nokauta salıb. Bu qələbə Alimin peşəkar karyerasında 53-cü olub.

Ruslan Nağıyev (72,5 kq) Dmitri Filonçiki məğlub edib. Bu çəkidə keçirilən digər döyüşdə Andrey Kedveş (Xorvatiya) Besmir Helşanidən (Albaniya) üstün olub. Daha sonra 72,5 kq çəki dərəcəsində yarımfinalın qalibləri bir-birləri ilə döyüşüb. Ruslan Nağıyev 3-cü raundda xorvatiyalı Andrey Kedveşə qarşı döyüşə bilməyəcəyini bildirib. Beləliklə, Andrey Kedveş dekabrda “Mix Fight Championship” kəməri uğrunda döyüşəcək.

Digər azərbaycanlı kikboksçu Cabbar Mustafayev (67 kq) isə İrakli Cquşiaya (Gürcüstan) uduzub.

Bundan başqa, ən ağır çəkili idmançıların döyüşündə (+100 kq) türkiyəli Buğra Ərdoğan Kiril Bulerdən (Almaniya) üstün olub. Rusiya təmsilçisi Seyfulla Xambaxadov (72,5 kq) Konqo əsilli Kristian Bayanı nokauta salıb. Yeganə qadın döyüşündə Niderland təmsilçisi Nikita Kosterman (65 kq) qalib gəlib. O, da türkiyəli Kübra Aksoyu məğlub edib.

Nəhayət, gecənin əsas döyüşündə səbəbkar Zabit Səmədov braziliyalı sabiq UFC döyüşçüsü, “Yekəayaq” ləqəbli Antonio Silva ilə qarşılaşıb. Azərbaycanlı kikboksçu bu döyüşlə peşəkar karyerasını başa vurub. “Mauqli” ləqəbli döyüşçü Antonio Silvanı 1-ci raundda nokauta salmaqla kəmərə sahib olub. Bununla da Zabit Səmədov karyerasını bitirib.

O, söz alaraq təşkilatçılara təşəkkürünü bildirib: “Güc birlikdədir. Azərbaycanda – Vətəndə karyeramın son döyüşünü keçirdiyim üçün şadam. 24 ildir ki, döyüşürəm. Artıq karyeramı bitirirəm”.

Qeyd edək ki, 38 yaşlı Zabit Səmədov 24 illik karyerası ərzində 113 döyüş keçirib. O, bunlardan 103-də qalib gəlib. Bu qələbələrdən 38-i nokautla qeydə alınıb.

Onu da əlavə edək ki, Almaniyanın “Mix Fight Championship” təşkilatının təşkil etdiyi döyüş gecəsi Bakı şəhərində yerləşən Milli Gimnastika Arenasında keçirilib.


Print Email
FaceBook Twitter Google