Meriya Marneulili idmançılar Zaza Davadze və Sandro İakobaşvilinin hər birinə 15 000 lari verəcək

Bələdiyyə Məclisinin 20 sentyabr tarixində keçirilmiş iclasında Marneuli

meri Kənan Ömərov qeyd edib ki, meriyanın büdcəsindən dünya çempionları üçün pul mükafatı ayrılıb.
Konkret məbləğlə bağlı məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze bildirdi. O, qeyd etdi ki, büdcədən 30 000 lari ayrılıb və hər bir idmançıya 15 000 lari verəcəklər.

“Bizim rayon, bələdiyyə və hər birimiz üçün fəxr ediləcək hadisədir. Mən bütün Gürcüstanı və xüsusilə Marneulini təbrik edirəm. Sevinirəm ki, şəxsən Cənab Amiranla birlikdə bizim idmançıların yanında idim. Düşünürəm ki, bu gələcək idmançılar üçün böyük stimuldur. İki dünya çempionumuz var və Marneuli yerli özünüidarəsinin büdcəsindən idmançılarımıza pul mükafatı da veriləcək”, – Kənan Ömərov bildirdi.

“Bu ayın əvvəlində Polşanın Krakov şəhərində güləş-cüdo üzrə dünya çempionatı keçirildi. Bizim bələdiyyənin İdman Məktəbinin nümayəndələri böyük qələbə əldə etdilər. Biz şəxsən orada iştirak edirdik və azarkeşlik edirdim. Bir daha hər birini və eləcə də bələdiyyədə yaşayan bütün hər kəsi təbrik edirəm”, – Amiran Qiorqadze bildirdi.

Zaza Davadze və Sandro İakobaşvili Bələdiyyə Məclisinin iclasında iştirak edirdilər. Onlar meriya və Bələdiyyə Məclisinə minnətdarlıq bildiriblər və şagirdləri ilə birlikdə hələ çox uğur qazanacaqlarına vəd veriblər.

“Dəstəyiniz və stimulunuz üçün çox sağ olun. Bizim məqsədimiz gələcək nəslə nümunə olmaq idi. Biz məğlub olmağı heç düşünmürdük də. Çünki buna hüququmuz yox idi və düşünürük ki, yaxşı mübarizə apardıq”, – Zaza Davadze bildirdi.

“Dəstəyiniz və dəyər verdiyiniz üçün minnətdarlığımı bildirirəm. Sizə vəd verirəm ki, şagirdlərimlə sizi çox sevindirəcəyik və daha çox uğur qazanacağıq”, – Sandro İakobaşvili bildirdi.

Qeyd edək ki, Marneulili idmançılar Zaza Davadze və Sandro İakobaşvili Polşada, Krakov şəhərində dünya çempionatında veteran cüdoçular arasında uğurla mübarizə apararaq qızıl medal qazanıblar.

Dünya çempionatı ilə əlaqədar olaraq yerli özünüidarə nümayəndələri də Polşaya səfər ediblər. Onlar arasında Marneuli meri Kənan Ömərov və Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze də olub.

"Marneuli" Radiosu

 

Print Email
FaceBook Twitter Google