Sahil Allahverdiyev Özbəkistanda keçirilən çempionatda Gürcüstan yığmasına gümüş medal qazandırıb
1-14 may tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında dünya çempionatı keçirilib. Çempionatda Gürcüstan milli yığmasının idmançıları da iştirak ediblər. Həmin yarışmadan yığmanın üç idmançısı vətənə medalla qayıdıb. Sahil Allahverdiyev gümüş, Laşa Quruli və Qiorqi Kuşitaşvili hər biri bürünc medal qazanıblar.

48 kq-dək çəki dərəcəsində mübarizə aparan 24 yaşlı Sahil Allahverdiyev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, finalda Qazaxıstan təmsilçisi 19 yaşlı Sanjar Taşkenbayla qarşılaşıb və rəqibinə hər üç raunda 5:0 hesabı ilə məğlub olub.

“Yarışda mən 4 döyüş keçirdim. Hindistanlı, Bolqarıstanlı və Kubalıya qalib gəldim. Amma finalda Qazaxıstan idmançısına məğlub oldum və ikinci yeri qazandım. Dünya çempionatında iştirak etmək və orada mükafatçılar arasında olmaq çox çətindir. Amma qələbə qazanmaq mənim üçün çox gözəl bir hissdir və bu hissi sözlə ifadə etmək mənim üçün çox çətindir. Bu cür yarışlarda sən sadəcə özünü təmsil etmirsən. Yaşadığın bölgəni, ölkəni, ailəni həm də millətini təmsil edirsən”, – Sahil Allahverdiyev dedi.

Qeyd edək ki, Sahil Allahverdiyev Tbilisidə anadan olub. 11 yaşından boksla məşğul olmağa başlayıb. Məşqçisi isə Füzuli Ələkbərovdur. Allahverdiyev 15 yaşında iki dəfə Gürcüstan birinciliyini qazanıb. 2016-cı ildən isə Avropa çempionatlarında iştirak edir və qələbələr qazanıb. S.Allahverdiyev 2015-ci ildən Gürcüstanın yığma komandasının üzvüdür. O, ötən ilin mayında Ermənistanın paytaxtı İrəvanda keçirilən kişilər arasında boks üzrə Avropa Çempionatında qızıl medal qazanıb. Bundan başqa Sahil Allahverdiyev “Minsk 2019” II Avropa Oyunları və 2018-ci ildə İspaniyada keçirilən Avropa Birliyi ölkələrinin boks üzrə çempionatında medallar qazanıb. Sahil Allahverdiyev “Tokio – 2020” Olimpiya Oyunlarında da Gürcüstanı təmsil edib.

Xatırladaq ki, 538 boksçunun iştirakı ilə keçirilən dünya çempionatında 107 ölkə iştirak edib. Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında keçirilən Dünya çempionatının mükafat fondunun məbləği 5,2 milyon ABŞ dollar olub. Çempionatda qızıl medal qazanan boksçular 200 min dollar gəlir əldə ediblər. İkinci yerin sahibləri 100 min, üçüncü yerin sahibləri isə 50 min dollarla mükafat qazanıblar.

Print Email
FaceBook Twitter Google