Özünüidarə Tamaz və Şermadin Boçoidzelərə pul mükafatı verəcək
Bu gün, 12 sentyabr tarixində Marneuli Bələdiyyə Məclisinin iclası baş tutub. İclasda ikinci məsələ olaraq Bələdiyyə Məclisinin sədr müavini Riçard Qiqaninin izahatnaməsi müzakirə edilib. Məsələnin məruzəçisi Teona Parciani iclasda bildirib ki, izahatnamə ilə Şermadin Boçoidze və Tamaz Boçoidzenin pul mükafatı ilə həvəsləndirilməsi tələb edilir.

“Daha dəqiq diqqətinizə çatdırım ki, cari ilin 30 avqust tarixində Qazaxıstanda, Alma-Ata şəhərində
qol güləşi üzrə keçirilən dünya çempionatında Marneuli bələdiyyəsinin idmançısı Tamaz Boçoidze 90 kq çəki dərəcəsində çempion titulu qazanıb. Ümumi çəkidə isə ikinci mükafat yeri tutub. Onu qeyd olunan çempionat üçün Şermadin Boçoidze hazırlayıb və xahiş edirik, qeyd olunan məsələyə səs verək”,
– Teona Parciani bildirib.

Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze iclasda Şermadin və Tamaz Boçoidzelərə pul mükafatının verilməsi ilə əlaqədar şərh verib.

“Mən bir daha Bələdiyyə Məclisi və əhali adından cənab Tamaz Boçoidzeni dünya çempionluğu münasibətilə təbrik edirəm. Bu çox böyük uğurdur və gələcəkdə daha böyük uğur qazanmasını arzu edirəm. Biz bütün idmançılarımıza imkan daxilində dəstək göstərəcəyik və şərait yaradacağıq ki, öz bacarıqlarını müxtəlif yarışlarda nümayiş etdirsinlər”, – Amiran Qiorqadze bildirdi.

Qazaxıstanda keçirilən dünya çempionatında Marneulidən rəsmi heyət iştirak edib.


Print Email
FaceBook Twitter Google