Marneulidə mövcud olan parklar nə dərəcədə istirahət imkanı verir
Marneulililər ailələri ilə birlikdə istirahət etmək və yaxud asudə vaxtlarını keçirmək üçün digər şəhərlərə üz tuturlar. Sakinlər əsasən Tbilisiyə, Rustaviyə gedirlər. Onlar öz zamanlarını həmin ərazilərdə yaradılan istirahət məkanlarında dəyərləndirirlər.

Bəs Marneulidə kifayət qədər istirahət məkanları və parklar varmı? Əlbəttə, az da olsa var. Ancaq həmin parklarda istirahət etmək nə dərəcədə mümkündür? Bu barədə qısa bir məlumat verməyə çalışacağıq.

Təəssüflər olsun ki, Marneulidə yaradılan parklar və istirahət məkanlarının baxımı bərbad vəziyyətdədir.

Məsələn, şəhərdə yeni tikilmiş və köhnə parklar mövcuddur. Elə parklar var ki, oturacaqları var, ancaq günəşdən qorunmaq üçün ağac yoxdur və buna görə də günəşli havada oturmalı olursan. Eləsi də var ki, ağac var oturacaq yoxdur. Elə parklara da rast gəlirsən ki, parkın ətrafı zibillik, yağışlı havalarda palçıq olur, yaxud həmin parkın ərazisində çayxanalar yerləşir. İndi isə sizlərə Marneulidə olan parklar haqda ayrı-ayrılıqda qısa məlumat verək.

Marneuli Mədəniyyət Mərkəzi ərazisindəki park:
Bu park Marneuli meriyasının qarşısında yerləşir. Şəhərdə təşkil olunan bayram tədbirləri, müxtəlif tədbirlər əsasən bu parkda keçirilir. Parkın ərazisində ictimai-siyasi xadim, dramaturq Nəriman Nərimanovun büstü də yerləşir. Park ərazisində büstə yaxın ərazidə kiçik fəvvarə quraşdırılıb. Amma bu fəvvarə işləmir, fəvvarənin hovuzunda suya ancaq yağışlı havalarda rast gəlmək olar. Parkın ərazisində 4-5 oturacaq var. Həmin ərazidə uşaqlar üçün bir neçə attraksion da var ki, bunların işlədiyini nadir hallarda görə bilərsiniz.



Marneuli İctimai Kitabxanasının qarşısında yerləşən park:
Kitabxana tikilən zaman onun ətrafında Marneulililər üçün kiçik istirahət parkı da salındı. Ətraf yaşıllaşdırıldı, zibil qutuları qoyuldu, oturacaqlar yerləşdirildi. Parkın ərazisində kiçik obyekt tikilib. Amma bu obyektin nə üçün tikildiyi məlum deyil. Sadəcə həmin tikilidən anbar kimi istifadə olunur. Bura tikilən zaman bildirilmişdi ki, obyekt gənclər üçün nəzərdə tutulub. Amma təəssüflər olsun ki, gənclər və sakinlər hələ də oradan istifadə edə bilmir.



9 aprel parkı:
9 aprel parkı Marneuli Təhsil Resurs Mərkəzinin qaşısında yerləşir. Bu parkda 1989-cu il 9 aprel tarixində Tbilisidə və 2008-ci il avqust müharibəsində həlak olan qəhrəmanların xatirəsinə abidə ucaldılıb. Hal-hazırda həmin parkda 3-4 oturacaq olsa da bəziləri qırılaraq sıradan çıxıb. İnsanların hərəkəti üçün nəzərdə tutulmuş cığırların bəzi yerlərində isə daş plitələri dağılaraq sıradan çıxıb. Siyasi partiyalardan birinin Marneuli qərargahı parkın ərazisində yerləşdiyindən, seçkilər zamanı və yay mövsümündə həmin parkın ərazisinə masalar qoyularaq çayxana kimi istifadə olunur.



“Ata Holding” idman kompleksinin qarşısında yerləşən park:
Bu park idman mərkəzi tikilən zaman salınıb. Bu park şəhərin mənzərəli yerində yerləşir. Parkın hər tərəfi həmişəyaşıl ağaclarla əhatə olunub. Parkın ərazisində daş oturacaqlar və zibil qutuları yerləşdirilib. Parkın mərkəzində mərmərdən düzəldilmiş fəvvarə də qurulub. Bu fəvvarə də işləmir. Fəvvarənin hovuzunda sudan başqa nə istəsən tapmaq olar.



Cavaxişvili parkı:
Park yaxın vaxtlarda salınıb. Onu da xatırladaq ki, bu park salınan zaman oranın infrastrukturu iki dəfə yenilənib. Bu parkın ərazisində həmişəyaşıl dekorativ kollar əkilib. Amma ağac yoxdur. Parkda fəvvarə də quraşdırılıb. Bu parkı digərlərindən fərqləndirən cəhət ondan ibarətdir ki, bu parkda oturacaqlar yoxdur. Park salınan zaman parkın ərazsində oturacaqlar quraşdırılmışdı. Amma zaman keçdikcə həmin oturacaqlar ya oğurlanıldı ya da ki, qırıldı. Buna görə də sakinlər parka gəldiklərində ya ayaq üstə durmaq məcburiyyətində qalırlar, ya da daş piltələrin üstündə otururlar. Bir qrup gənclər tərəfindən bu parkın ərazisində uşaqların əyləncəsi və oturacaqların quraşdırılması üçün 2017-ci ildə "Vətəndaş büdcəsinə" layihə yazılmışdı. Layihəyə bələdiyyə tərəfindən müsbət cavab verilsə də, bu günə kimi heç bir iş görülməyib.



Çay evinin qarşısında yerləşən park:
Bu park "SOCAR" şirkəti tərəfindən tikilən "Çay Evi"-nin qarşısında yerləşir. Bu parkın ərazisində, milli ornamentlərlə bəzədilmiş kiçik fəvvarə də salınıb. Digər fəvvarələrdən fərqli olaraq bu fəvvarə işləyir. Parkın digər hissəsində dahi şairlər Nizami Gəncəvi və Şota Rustavelinin abidələri də yerləşir. Digər parklardan fərqli olaraq, bura hər gün təmizlənir və parkdakı ağac və çiçəklərə qulluq edilir.



“Yenə də böyüyəcəklər” abidəsinin ətrafında yeni salınan park:
“Yenə də böyüyəcəklər” abidəsi Sovet İttifaqı zamanında ucaldılıb. Bu abidə Marneulinin simvoluna çevrilib. Hal-hazırda həmin abidənin bərpası və ətrafının abadlaşdırılması işləri aparılır. Bu layihə üçün Marneuli bələdiyyəsi və mərkəzi büdcədən 994 848 lari vəsait ayrılıb. Tender şərtlərinə görə, işlər 2019-cu ildə tamamlanmalıdır. Layihəyə əsasən, abidənin bərpası və istirahət parkının yaradılması işləri iki mərhələdə həyata keçiriləcək. 1975-ci ildə qoyulmuş abidə təmizlənəcək və sıradan çıxmış hissə abidənin bədii-arxitektur kompozisiyası dəyişdirilməyəcək şəkildə bərpa ediləcək. Belə ki “Yenə də böyüyəcəklər” abidəsi mədəni irs statusuna malikdir. Abidənin bərpasından başqa, ətrafında də bir neçə zonaya bölünmüş parkın salınması da planlaşdırılır.



Amerkalı Rayn Smit tərəfində park salınması ideyası:
Amerkalı Rayn Smit Marneulidə uşaq parkının salınması üçün 2016-cı ildə yerli hakimiyyətə təkliflə müraciət etmişdi. Müraciətdə bildirmişdi ki, bələdiyyə ərazisində park salmaq istəyir və sadəcə ona torpaq sahəsi ayırsınlar. Smit öz xərci ilə uşaq parkı salmağı planlaşdırırdı. O, istəyirdi ki, parkı Mixeil Cavaxişvilinin büstünün yerləşdiyi ərazidə salsın. Hətta o, bunun üçün layihə smetasını da hazırlamışdı. Amma Smitin bu təklifinə yerli hakimiyyət tərəfindən müsbət cavab verilməsə də, o, ruhdan düşmədi və park salmaq üçün cəhdlərini davam etdirdi. Təəssüflər olsun ki, Smit öz ideyasını həyata keçirə bilmədi. O, 2018-ci ilin iyun ayında istirahətə getdiyi Xada dərəsində ailəsi ilə birlikdə qətlə yetirildi. Bundan sonra bu ideyanın həyata keçirilməsi üçün Marneulidə fəaliyyət göstərən QHT-lər, gənclər və Smitin dostları imza toplayaraq yerli hakimiyyətə təkrar müraciət etdilər. Bələdiyyə isə bu dəfə müsbət cavab verərək, onlara alternativ torpaq sahəsi təklif etdi. Həmin torpaq sahəsi isə 3 saylı məktəblə üzbə-üz ərazidə yerləşir. Hal-hazırda layihə üzərində işlər davam edir.



İnanırıq ki, bu park da digərləri kimi, istifadəyə verildikdən sora oturacaqları qırılaraq yoxa çıxmayacaq və baxılaraq qorunacaq.

Print Email
FaceBook Twitter Google