Gürcüstan külək enerjisi sahəsində Azərbaycan təcrübəsindən bəhrələnmək niyyətindədir
Gürcüstanın Energetikanın İnkişafı Fondu ölkədə külək elektrik stansiyaları (KES) tikməyi planlaşdırır. Bununla bağlı dünyanın qabaqcıl ölkələrinin, eləcə də Azərbaycanın təcrübəsi öyrənilir.

Fonddan bildirilib ki, bütün dünyada alternativ enerji mənbələrinə keçidlə bağlı layihələr hazırlanır. Gürcüstanda da elektrik enerjisinə olan ehtiyacın ödənilməsi üçün müxtəlif yollar araşdırılır, o cümlədən, külək enerjisindən istifadənin yolları öyrənilir.

“Ölkədə günəş və külək enerjisinə inteqrasiyanın daha önəmli olacağı düşünülür”, - deyə fonddan bildirilib.

Mütəxəssislərin fikrincə, elektrik enerjisinə olan ehtiyac hər il bir neçə dəfə artır. Bu isə onu deməyə əsas verir ki, Gürcüstan 2030-cu ildə ciddi enerji böhranı ilə üzləşəcək.

Fondun məlumatına görə, hazırda Zestafoni, Niqoza, Ruisi və ölkənin mərkəzi yerlərində külək stansiyaları qurmaq üçün layihələr hazırlanıb. Onların ümumi gücü 200 meqavat/saatdan çox olacaq. Fondun rəhbəri Qeorqi Çikovani bildirib ki, hazırda bu layihələrin texniki-iqtisadi əsasları hazırlanır. Gələn ilin əvvəllərində isə layihələrin icrasına başlanıla bilər.

Onun sözlərinə görə, 2030-cu ildə Gürcüstanın enerjiyə olan tələbatının 20 faizi külək, 5 faizi isə günəş enerjisi hesabına ödəniləcək. 2010-cu ildən sonra fondun köməyi ilə ölkənin enerji sisteminə 140 meqavat/saat əlavə olunub. Ümumilikdə ölkənin enerji sisteminin növbəti 3 ildə təkmilləşdirilməsinə 800 milyon lari investisiya yatırılacaq.

Gürcüstan Elektrik Enerjisi Bazarı Operatorunun məlumatına görə, 2020-ci ildə ölkə 12,4 milyard/saat elektrik enerjisi istehsal edib. Daha 1,6 milyard kilovat/saat elektrik enerjisini isə qonşu ölkələrdən alıb.

Mənbə: azertac.az
Print Email
FaceBook Twitter Google