“İ-Link” internetin qiymətini artırıb
“İ-Link” internetin qiymətini artırıb. Bu barədə “Marneuli” radiosuna şirkətdən məlumat verdilər.
Məlumata görə, qiymət artımı Kürtlər, Baydar, Böyük Muğanlı və Lejbəddin kəndlərində optik kabellər vasitəsilə internetlə təmin olunan abunəçilər üçün tətbiq olunub. Həmin ərazilərdə 25 larilik paketlər, artıq 28 laridir. Bununla yanaşı kommersiya tipli müştərilər üçün nəzərdə tutulan 50 larilik paketlər artıq 60 lariyə təklif olunur. Qiymətlərin artması ilə yanaşı internetin sürəti də artırılıb.

Şirkətdən bildirdilər ki, “İ-Link”-in özlərinə məxsus dirəkləri olmadığına görə, “Energo-Pro”-nun dirəklərindən istifadə edirlər. “Energo-Pro” həmin dirəklərdən istifadəyə görə qiymətləri artırıb. Buna görə də şirkət internetin qiymətini artırıb. Bundan əlavə “İ-Link” şirkəti internet paketlərini yeni tariflə aldığını, müştərilər üçün yeni dirəklərin quraşdırıldığını və yanacağın qiymətinin artmasını da səbəb göstərir.

Amma antenalardan istifadə edən müştərilər üçün qiymətlər artırılmayıb.

“İ-Link”-dən onu da bildirirlər ki, digər kəndlərdə hələ ki qiymətlər artırılmayıb. Amma yeni internet çəkilən kəndlərdə müştərilərə yeni qiymətlər təklif olunur.

Qeyd edək ki, “İ-Link” internet şirkəti Marneuli, Bolnisi, Dmanisi və Tetritskaro bələdiyyələrində xidmət göstərir.

Print Email
FaceBook Twitter Google