BTQ tam gücü ilə işləyə bilər
Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin tam gücü ilə işləməsi üçün birgə tədbirlər görür.

Bu barədə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bununla bağlı nazir müavini Rəhman Hümmətovun Gürcüstana və Türkiyəyə səfəri zamanı müzakirələr aparılıb. Səfər BTQ layihəsi çərçivəsində Gürcüstan və Türkiyə ərazisində tamamlanmaqda olan tikinti-quraşdırma işlərinin gedişatı ilə yerində tanışlıq məqsədi daşıyıb.

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Quram Quramişvili və Türkiyə Dövlət Dəmir Yollarının rəhbər şəxsləri ilə keçirilmiş görüşlərdə dəmir yolu xətti vasitəsilə yükdaşımaların təşkil edilməsi, Axalkalaki və Qarsda terminalların tikintisinin gedişatı, mövcud çətinliklərin həlli yolları, həmçinin ölkələrin tranzit potensialından daha səmərəli istifadə olunması və daşınan yüklərin həcminin artırılması məsələləri müzakirə edilib.

Ölkələrimizin iqtisadiyyatında, eləcə də nəqliyyat dəhlizlərinin inkişafında sözügedən layihənin xüsusi əhəmiyyəti vurğulanıb.

7 fevral 2007-ci il tarixində Tbilisidə Prezident İlham Əliyevin təşəbbüsü ilə BTQ-nin tikintisinə dair saziş imzalanıb. Asiyadan Avropaya birbaşa, təhlükəsiz və effektiv yük daşınmasını təmin edən dəmir yolu xətti 30 oktyabr 2017-ci il tarixində istismara verilib. İndiyə qədər onunla 1 milyon tondan çox yük daşınıb.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google