İqtisadiyyat naziri Natia Turnava Türkiyəyə işgüzar səfər edib
Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava Türkiyəyə işgüzar səfər edib.

O, Türkiyədə keçiriləcək XII Beynəlxalaq Nəqliyyat və Kommunikasiyalar Forumunda iştirak edəcək.

İstanbulda baş tutacaq tədbirə 16 ölkənin yüksək səviyyəli nümayəndə heyətləri qatılacaq. Forumu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismayıloğlu açacaq.

Beynəxalq tədbirdə nəqliyyat, logistika və kommunikasiyalar sahəsində regional əməkdaşlıq müzakirə olunacaq. Əsas diqqət COVID-19 pandemiyası nəticəsində yaranmış nəqliyyatın müxtəlif sektorlarında qarşılıqlı əlaqələrin yeni sxemlərinin fasiləsiz fəaliyyətinə yönəldiləcək.

N.Turnava forumda çıxış edəcək, cari milli və regional nəqliyyat-logistika layihələrinin rəqəmsallaşdırılmasının əhəmiyyəti və gələcəkdə Gürcüstanda həyata keçiriləcək infrastruktur layihələr barədə danışacaq.

Forum çərçivəsində nümayəndə heyətlərinin iştirakı ilə nəqliyyat marşrutları və əhəmiyyətli regional layihələrin müzakirə ediləcəyi dəyirmi masa da təşkil olunacaq.

Gürcü nazir Türkiyəyə səfəri çərçivəsində digər ölkələrin nəqliyyat nazirləri ilə ikitərəfli görüşlər keçirəcək, həmçinin Azərbaycan, Türkiyə və Qazaxıstan nümayəndə heyətləri ilə birgə Transxəzər Marşrutu üzrə nazirlərin rüblük konfransında iştirak edəcək. Toplantıda orta nəqliyyat dəhlizinin populyarlaşdırılması və rəqabət qabiliyyətinin artırılması məsələləri müzakirə olunacaq.

Mənbə: report.az
Print