Gürcüstanda yanacaq 10-15 tetri bahalaşa bilər. Bu barədə “Business
Press News”a “Senta Oil”in təsisçisi Zaal İakobidze məlumat verib.
Söhbət Rusiya hökumətinin qərarından gedir. Həmin qərara görə,
martın 1-dən etibarən yanacağın ixracı 6 ay müddətinə qadağan
ediləcək.
Zaal İakobidzenin sözlərinə görə, Rusiya bir neçə ay əvvəl də
analoji qərar qəbul edib, beləliklə, Gürcüstandan yanacaq idxal
edənlər artıq təcrübə qazanıblar, ona görə də Rusiya yanacağının
əvəz edilməsi daha asan olacaq.
Rusiyanı hansı ölkələrin əvəzləyəcəyinə gəlincə, “Senta Oil”in
yaradıcısı bildirib ki, bu, Bolqarıstan, Rumıniya və Türkmənistan
ola bilər.
“Artıq bir dəfə analoji qərar qəbul edilmişdi, təxminən 5 ay əvvəl
idi, sonra gürcü idxalçılar başqa ölkələri axtarmağa başladılar və
prinsipcə, heç bir xüsusi problem yaranmadı. Eyni şey indi də
olacaq və yəqin ki, daha asan olacaq, çünki bizim artıq təcrübəmiz
var və Rusiyanın əvəzinə diqqətimizi başqa ölkələrə yönəldəcəyik.
Bu ölkələr Bolqarıstan, Rumıniya, Türkmənistandır.
Qiymətə gəlincə, proqnoz bir qədər çətindir, lakin digər amillər
vəziyyəti pisləşdirməsə, beynəlxalq bazarda qiymətin qalxmasını və
ya Gürcüstanda larinin məzənnəsinin pisləşməsini nəzərdə tuturam,
təqribən 10-15 tetri artımı gözlənilir”, - deyə Zaal
İakobidze bildirib.