Marneulinin heç bir klinikası itin dişlədiyi şəxsi qəbul etməyib
31 mart tarixində axşam saatlarında bir nəfəri sahibsiz it dişləyib. O, quduzluq əleyhinə vaksin üçün Sadaxlıdan Marneuliyədək 30 km məsafə qət edib, lakin Marneulidə quduzluq əleyhinə peyvənd olan hər iki klinika onu qəbul etməyib.

“Mən “Aversi” və “Geo Hospitals”-da olduq. Heç birində qəbul etmədilər. Deyirlər ki, dərman yoxdur. Nə vaxt qəbul edə biləcəkləri barədə vaxt da demədilər. İndi kəndə – Sadaxlıya qayıtmışıq. Bilmirik nə edək”, – itin dişlədiyi 31 yaşlı kişinin onunla birlikdə xəstəxanaya gedən qonşusu deyir.

Marneuli İctimai Səhiyyə Mərkəzinin rəhbəri Eter Laperadzenin “MArneuli” radiosuna verdiyi məlumata görə, “Geo Hospitals” karantinə görə onu qəbul edə bilməzdi. Belə ki, 22 mart tarixində koronavirusa yoluxma halı məhz bu klinikada təsdiqlənmişdi.

“Ancaq “Aversi”-yə gəlincə, mütləq qəbul etməli idilər. Bəlkə vaksinləri olmayıb, ancaq aparardılar. İndi aparırlar, vaksinləri adətən bizdən aparırlar”, – Eter Laperadze deyir.

“Aversi” klinikasının meneceri əvvəlcə qeyd etdi ki, onların klinikasında xəstələrə rədd cavabı verilməməlidir. O, vəziyyəti araşdıracağını və bizimlə əlaqə saxlayacağını bildirdi.

“Aydınlaşdırdım, hər şeyimiz var. Klinikaya kim gələrsə, xidmət göstərəcəyik. Vaksin problemi olmayıb. ər şeydən bir-bir varımızdır. Dünən sadəcə dərman ehtiyatı doldurulub”,
– Manana Kapanadze təkrar telefon əlaqəsi zamanı bildirdi.

Klinikanın meneceri vaksin problemi olmadığı halda xəstəyə nə üçün rədd cavabı verilməsi ilə bağlı sualımıza cavab olaraq bildirdi ki, “Marneuli” radiosuna səhv məlumat verilib. Ancaq itin dişlədiyi şəxsin Sadaxlıya qayıtması fakt olaraq qalır. Ona “Aversi”də bildiriblər ki, vaksin yoxdur və kömək edə bilməyəcəklər. Bu “qeyri müəyyən” “səhv” isə onun həyatı bahasına başa gələ bilər.

Qeyd edək ki, quduzluq əleyhinə vaksin 48 sasat ərzində vurulmalıdır. Elan olunmuş karantinə görə nəqliyyatın işləmədiyi bir vaxtda itin dişlədiyi şəxs yenidən Marneuliyə qayıtmalı olacaq.

Print Email
FaceBook Twitter Google