Tbilisidə gənclər arasında baş vermiş qarşıdurma atışma ilə nəticələnib

Dünən, 13 iyul, gecə saatlarında Tskaltubo küçəsində gənclər arasında olan şifahi və fiziki qarşıdurma zamanı atışma da olub.



"Mtavari” kanalının verdiyi məlumata görə, qarşıdurmada təxminən 15 nəfər iştirak edib. Onlar polis gələnədək hadisə yerindən qaçıblar.

"Səs-küy və dava baş verən park balkonumun altındadır. Şifahi təhqir də var idi, fiziki zərbə səsi də aydın eşidilirdi. Sonra bir neçə nəfər bu əraziyə doğru irəliləməyə başladı. Bir nəfər yıxıldı, onu bir neçə nəfər vururdu, sonra izdiham binaya çatan kimi silah səsləri eşidildi”, — deyə həmin məhəllədə yaşayan deputat Lela Keburiya bildirib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü hissəsi (qanunsuz olaraq odlu silah əldə etmə və ya saxlama) və 239-cu maddəsinin 3-cü hissəsi (odlu silah və ya digər əşyalarla törədilən xuliqanlıq) ilə istintaq başladılıb. Qurumdan baş verən hadisə nəticəsində hər hansı bir insanın xəsarət aldığını və ya saxlanıldığını bildirməyiblər.

Mənbə: Netgazeti

 

Print