Gürcüstandan ABŞ-a ekstradisiya edilən rusiyalı xaker 12 il müddətinə azadlıqdan məhrum edilib
Gürcüstandan ABŞ-a ekstradisiya edilmiş rusiyalı xaker Andrey Turin 12 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə ABŞ Ədliyyə Departamenti məlumat yayıb.

Bildirilib ki, müttəhimin “J. P. Morgan” işi üzrə kiberhücumlar həyata keçirməsi təsdiqlənib. Manhetten Bölgə Məhkəməsi vurulan zərərə görə 12 il həbs cəzası ilə yanaşı A. Turindən 20 milyon dollar həcmində təzminat tələb edib.

A. Turin Amerika maliyyə təşkilatı olan “J. P. Morgan”ın 80 milyon müştərisinin məlumatlarını mənimsəməkdə günahlandırılır. Onun cinayət ortağının İsrail vətəndaşı olan Qeri Şalon olduğu bildirilir.

A. Turin 2017-ci ildə Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən həbs olunub və 2018-ci ilin sentyabrında ABŞ-a təhvil verilib.

Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google