Tbilisidə ər-arvad narkotik almaq və saxlamaq ittihamı ilə həbs olunub
Patrul polisi narkotik maddələrin qanunsuz alıb-saxlanılması ittihamı ilə Tbilisidə iki nəfəri həbs edib.

"Daxili İşlər Nazirliyinin Patrul Polis İdarəsinin Tbilisi Baş Şöbəsinin əməkdaşları əməliyyat-istintaq tədbirləri nəticəsində əvvəllər narkotik cinayətlərinə görə məhkum olunmuş və hazırda şərti cəza çəkən 1981-ci il təvəllüdlü N.A.-nı və həyat yoldaşı 1980-ci il təvəllüdlü M.M-nı saxlayıblar. Onlar qanunsuz olaraq külli miqdarda narkotik almaq və saxlamaqla günahlandırılırlar. Törədilmiş cinayətə görə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulur.

Patrul polis qrupu, təqsirləndirilən cütlüyü Tbilisidəki Poniçala qəsəbəsində hərəkət edərkən yoxlanılması üçün dayandırıb. İstintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanları sübut kimi bir neçə paket heroin və marixuana götürüblər", - deyə Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Qurumdan verilən məlumata görə, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 6-cı hissəsinin "A" bəndinə və 273-cü maddəsinin 5-ci hissəsinin "C" bəndinə əsasən külli miqdarda narkotik və çoxlu miqdarda marixuananın qanunsuz olaraq alınıb saxlanılması faktı üzrə istintaq aparılır.

წყარო: report.az
Print Email
FaceBook Twitter Google