Gürcüstana külli miqdarda narkotik vasitələrin gətirilməsinin
qarşısı alınıb.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
İstintaqla müəyyən edilib ki, Tbilisidə yaşayan 1987-ci il
təvəllüdlü İran vətəndaşı narkotik vasitələrin satışı ilə məşğul
olub. Polis tərəfindən həmin şəxsdən yoxlama üçün 195 ədəd metadon
həbi alınıb və gizli audio-video yazı həyata keçirilib.
Həmin şəxs həmçinin Gürcüstana külli miqdarda metadon
narkotiklərinin idxalını da planlaşdırıb. Operativ
əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mümkün marşrutu
müəyyən edilib. Tbilisidəki iqtisadi zona yaxınlığında yük
maşınında aparılan axtarış zamanı duzla dolu kisələr yoxlanılarkən
polis xüsusilə külli miqdarda – 1 171 ədəd metadon həbi müsadirə
edib.
Cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilməsi üzrə aktiv
istintaq tədbirləri davam etdirilir. İran vətəndaşını 8 ildən 20
ilədək və yaxud ömürlük həbs cəzası gözləyir.
Mənbə: report.az