Marneulidə Azər Süleymanovun evini qarət edən şəxs saxlanılıb
Gürcüstan parlamentinin sabiq deputatı Azər Süleymanovun evini qarət edən 1993-cü il təvəllüdlü İ.C. adlı şəxs saxlanılıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib.

Saxlanılan şəxsin əvvəllər oğurluğa görə məhkum olunduğu və hazırda probasiya nəzarətində olduğu müəyyən edilib.

"Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Şöbəsinin Marneuli Rayon Şöbəsinin əməkdaşları, keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində əvvəllər oğurluqda təqsirli bilinən və hazırda şərti məhkum olan 1993-cü il təvəllüdlü İ.C.-nı oğurluq ittihamı ilə həbs edib.

Aparılan istintaq tədbirləri nəticəsində müəyyən olunub ki, bu il fevralın 13-də Marneuli şəhərində təqsirləndirilən şəxs, A.S.-nin evinin həyətindən müxtəlif qab-qacaq və metal əşyalar oğurlayıb. Bundan başqa, İ.C.-nin 7 və 9 fevral tarixlərində də həmin evin ərazisindən oğurluq törətdiyi müəyyən edilmişdir. Həmçinin, saxlanılan şəxsin fevral ayında Marneulidə daha üç vətəndaşın əşyalarını oğurladığı müəyyən edilib: F.B.-nin samovar və elektrik cihazlarını, B.M.-in qarajından elektrik cihazlarını və R.S.-nin evinin həyətindəki elektrik cihazlarını və mislərini oğurlayıb", – nazirliyin yaydığı məlumatda deyilir.

Hüquq-mühafizə orqanları oğurlanan əşyaların bir qismini maddi sübut kimi götürüb.

Faktlarla bağlı istintaq aparılır. Saxlanılan şəxsi 4 ildən 7 ilədək həbs cəzası gözləyir.

Hadisə Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci və 3-cü hissələri ilə araşdırılır.


Mənbə: police.ge
Print Email
FaceBook Twitter Google