"Vahid Milli Hərəkatın" ofisinə atəş edilməsi ilə bağlı bir nəfər saxlanılıb
Hüquq-mühafizə orqanları "Vahid Milli Hərəkatın" qərargahına atəş açdığına görə 29 yaşlı bir kişini saxlayıb. Bu barədə "İnterpressNews"-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qurumdan verilən məlumata görə, saxlanılan şəxs Kaxetidə qanunsuz olaraq odlu silah alıb-saxlamaq və daşımaq, başqasının əmlakına ziyan vurmaqda təqsirləndirilir. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, atəş pnevmatik silahla avtomobildən açılıb.

"Tbilisi Polis Şöbəsinin İsani-Samqori Baş Polis İdarəsinin əməkdaşları əməliyyat və istintaq tədbirləri nəticəsində 1991-ci il təvəllüdlü D.K.-nı Kaxetidə qanunsuz olaraq odlu silah alıb-saxlamaq və daşımaq, başqasının əmlakına ziyan vurmaq ittihamı ilə saxlayıb.

Törədilmiş cinayətə görə 4 ildən 7 ilədək həbs cəzası nəzərdə tutulur.

İstintaq nəticəsində aydın olub ki, D.K. bu il 17 mart tarixində "Vahid Milli Hərəkat"-ın Kaxeti şosesindəki ofisinin fasadındakı plakata avtomobildən pnevmatik silahla atəş açıb və hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanları D.K.-nı hadisədən bir neçə saat sonra "isti izlərlə" saxlayıb.

Saxlanılan şəxsin mənzilinə baxış zamanı polis bir pnevmatik tapança, odlu silah patronları və narkotik maddə – “marixuana” götürüb.
Saxlanılan şəxs cinayəti törətdiyini etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin qanunsuz olaraq odlu silah alıb-saxlama və gəzdirməni və başqasının əmlakına ziyan vurmanı nəzərdə tutan 236 və 187-ci maddələri ilə istintaq aparılır”,
– Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Mənbə: İnterPressNews
Print