“Burada maşınları çox sürətlə sürürlər, azyaşlı uşaqlar var, yolu qorxa-qorxa keçirik” – Kostava küçəsində yaşayan sakinlər (FOTO)
23 noyabr tarixində Marneulinin Merab Kostava küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdi. Qəza zamanı 17 yaşlı yeniyetmə dünyasını dəyişmişdi. Qəzanın baş verdiyi küçədə məktəb, kollec və yaşayış evləri yerləşir. Kostava küçəsindən keçən yol beynəlxalq əhəmiyyətli yoldur. Bu yoldan gün ərzində yüzlərlə yük və minik maşınları keçir. Həmin yol yaşayış evlərinə və məktəbə çox yaxındır. Kostava küçəsində yaşayan sakinlər “Marneuli” radiosu ilə söhbətləri zamanı bildirdilər ki, həmin ərazidə tez-tez qəzalar baş verir. Sakinlər aidiyyəti orqanların bu məsələ ilə bağlı tədbir görməsini istəyirlər.


“Dünən baş vermiş hadisə çox bədbəxt bir hadisədir. Bura nə isə düzəldilməlidir. Və yaxud burada polis maşını durmalıdır ki, avtomobilləri sürətlə sürməsinlər. Çox çətin məsələdir. Yol məktəbə yaxındır. Uşaqların olduğu bir yerdir. Çox sürətlə sürürlər. Tək bura deyil. Hər yerdə də sürətli sürürlər. Məktəbə yaxındır. Tez-tez burada qəzalar olur. Bir vaxtlar burada tramplin olub. O da qırılıb. Tez də söküblər. Nə tramplin var, nə də başqa bir şey. Burada heç bir şey yoxdur”, – Gülnarə Nəbiyeva dedi.

“Evimizdə azyaşlı uşaqlar var. Buradan çox qorxa-qorxa keçirlər. Dünənki hadisədən hələ özümüzə gələ bilməmişik. Çox çətindir. Mən hadisəni gec gördüm. Onda o, ölmüşdü. Burada çox tez-tez qəzalar olur. Qorxuruq. Oraları tez-tez maşınlar uçurur. Bir vaxtlar ora tramplin qoydular. Buradan yekə yük maşınları gedir deyə, tez qırıldı. Nə isə etməlidirlər. Bizim də evdə uşaqlar var. Məktəb də yaxındır. Gedib-gələnə kimi qorxurlar. Elə özümüz də qorxuruq. Heç adama yol da vermirlər. Keçid var. Durursan ki, yol verərlər. Amma maşınlar sürətlə gəlib keçirlər. Maşınların səsindən bizim evdə heç kim durmur. Yekə yük maşınları gedəndə evimiz silkələnir”, – Günay Allahverdiyeva dedi.


“Dünənki qəzada meyit saat yarım asfaltda qaldı. Təcili tibbi yardıma zəng edirsən, deyirlər – yoxdur. Burada tramplin olmalıdır. O da yoxdur. Maşını çox sürətlə sürürlər. Yaxınlıqda məktəb yerləşir. Məktəbdir, piyada keçididir. Saxlayan yoxdur. Döngədə tez-tez qəzalar olur. Bir dəfə yekə tramplin qoydular. Bir ay çəkmədi ki, yekə maşınlar qopartdı. O biri tramplindən lazımdır. Bu tramplinləri yekə maşınlar qoparır. Yayda asfalt qızır, o da boltlardan qopur. Maşınların səsi də bizi narahat edir. Amma məcbur yaşayırıq. Bizim evimiz də yola yaxındır. Şükür, mənim uşaqlarım böyükdür. Bizim evdə məktəb uşaqları yoxdur. Amma uşaqlar üçün çox təhlükəlidir. Burada nə uşağa, nə də ki, heç kimə yol verən yoxdur”, – Elçin Qəhrəmanov dedi.


“Burada maşınları çox sürətlə sürürlər. Qanunla bura işıqfor qoyulmalıdır. Tbilisidə olandan. Məsələn, mən keçmək istəyirəm, düyməni basıram, maşınlar dayanır, sonra keçirəm. Bu cür şey düzəltməlidirlər. Mən orada yaşayıram. Dəfələrlə bizim darvazanı maşın vurub, qırıb. Tez-tez qəzalar olur. Bura pis yerdir. Maşınların sürətinə baxın. Evdən fikirli çıxırsan. Fikir vermirsən və qəza baş verir. Əvvəllər tramplin var idi. O da ağırlığa dözmədi, qırıldı getdi. O tramplinlər ömrü boyu burada duran deyil. Yekə maşınların ağırlığına dözməz. Bunlar betonla düzəltməlidirlər. Nəvələrimə hər dəfə deyirəm ki, yoldan keçəndə sağınıza-solunuza fikir verin. Daha sonra keçin. Görün piyada keçidini haradan qoyublar. Bir böyük adam oradan keçsin. Nə oranı görə bilirsən, nə də buranı görə bilirsən. Burada maşınlar hər kəsi vura bilər”, – Ayvaz Məmmədov dedi.


Qeyd edək ki, 23 noyabr tarixində Marneulinin Merab Kostava küçəsində, 2 saylı ictimai məktəbinin yaxınlığında Qızılhacılı kənd sakini olan 17 yaşlı qızı maşın vurmuşdu. O, hadisə yerindəcə dünyasını dəyişmişdi. 17 yaşlı yeniyetmə Marneuli məktəblərinin birində 12-ci sinifdə oxuyurmuş və hazırlıq kursundan evlərinə gedirmiş.

Print Email
FaceBook Twitter Google