Gürcüstanda 100 milyon dollardan çox vəsaiti leqallaşdırmağa cəhd
göstərən transmilli cinayətkar dəstə üzvləri ifşa olunub.
Bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.
Bir neçə ölkədə eyni vaxtda aparılan araşdırma zamanı məlum olub
ki, onlarda olan pul saxtakarlıq, kiber fırıldaqçılıq və sənədlərin
saxtalaşdırılması nəticəsində xaricdən alınıb.
Faktla bağlı Gürcüstanda 3 nəfər və 13 şirkətə qarşı cinayət işi
başlanıb.
İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər pulların
mənşəyini gizlətmək üçün Gürcüstana pul köçürüb və firmalar
arasında bir sıra bank əməliyyatları aparıb, sonra isə onu daşınmaz
əmlaka yatırıblar.
Məhkəmə onların təxminən 70 milyon dollar, 1,760 milyon avro və
əmlakına, o cümlədən Kobuletidə 11 milyon lariyə alınmış 21 min
kvadratmetrlik torpaq sahəsinə həbs qoyub.
Təqsirləndirilən şəxsləri xüsusilə külli miqdarda qanunsuz
gəlirlərin leqallaşdırılması maddəsi ilə 7 ildən 12 ilədək həbs
cəzası gözləyir.
Onlarla əlbir olan hüquqi şəxslər külli miqdarda cərimə olunub və
fəaliyyət hüququndan məhrum edilirlər.