Güclü külək nəticəsində Kabuletidə bir nəfər ölüb
Axşam saatlarında Gürcüstanın bir sıra qərb bölgələrində qasırğa fəsadlara səbəb olub.

Acarıstan Muxtar Respublikasının Batumi, Ozurgeti, Kabuleti və digər bölgələrində güclü külək nəticəsində evlərin və binaların dam örtüyünə ziyan dəyib, parklarda və mərkəzi küçələrdə ağaclar aşaraq hərəkətə maneə yaradıb.

Kobuleti rayonunda minik maşınının üzərinə ağacın aşması nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib.

Batumidə isə şüşənin piyadaların üzərinə tökülməsi nəticəsində aralarında azyaşlı da olmaqla üç nəfər xəsarət alıb.

Məlumata görə, güclü küləyin Batuminin bir sıra mərkəzi yollarında ağacları aşırması nəticəsində avtomobillərin hərəkətində maneələr yaranıb, elektrik enerjisinin tədarükündə kəsintilər baş verib.

Bundan başqa şəhərin əsas stadionunun yaxınlığında yerləşən avtomobil dayanacağında metal konstruksiya avtomobillərin üzərinə aşıb.

Külək səbəbilə Batumidə onlarla təcili yardım çağırışının edildiyi, yanğınsöndürən və xilasedicilərin səfərbər edildiyi bildirilib.






Print Email
FaceBook Twitter Google