Bolnisi Mərkəzi Klinikası həkiminin sözlərinə görə, dünən baş
verən hadisə nəticəsində xəstəxanaya 10 nəfər daxil olub, onlardan
8-i artıq evə buraxılıb, 2-si isə müalicəni davam etdirir.
"Xəstəxanaya 10 pasiyent gətirilib. Onlardan ikisi
hazırda klinikamızda müalicə olunur, səkkizi isə evə buraxılıb.
Onlara müxtəlif xəsarətlər səbəbindən ambulatoriya müalicəsi
tövsiyə olunub.
Bir pasiyent palataya köçürülüb, digəri isə hələlik müşahidə
zalındadır. Tezliklə o da intensiv şöbəyə köçürüləcək. Onların ağır
zədələri var və buna görə müalicəyə davam edirlər," –
deyə Otar Kebadze bildirib.
Medianın yayımladığı kadrlarda xəstəxana yaxınlığında Daxili İşlər
Nazirliyinin xüsusi hazırlıqlı əməkdaşlarının cəmləşdiyi
görünür.
Dekabrın 30-da Bolnisi-Marneuli yolunda baş verən avtomobil qəzası
iki gəncin həyatına son qoyub. Hadisənin sürücüsü artıq həbs
edilib.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, qəza yerində
sakinlər toplanıb və vəziyyət gərginləşib. Bildirildiyinə görə,
"qarşıdurma həm yığılmış vətəndaşlar arasında, həm də ictimai
qaydanı qorumaq məqsədilə ərazidə olan hüquq-mühafizə orqanları
əməkdaşları ilə vətəndaşlar arasında baş verib."
Nazirliyin məlumatına əsasən, toplanan şəxslər qəza iştirakçısı
olan avtomobili, həmçinin təcili tibbi yardım briqadasının maşınını
aşırıblar. Bundan başqa, onlar digər vətəndaşların avtomobillərinə
ziyan vurub və şüşələrini sındırıblar.
Vəziyyəti sabitləşdirmək üçün Daxili İşlər Nazirliyinin patrul,
kriminal və xüsusi tapşırıqlar üzrə departamentlərinin əməkdaşları
dərhal hadisə yerinə cəlb edilib.
Toqquşmalar nəticəsində vətəndaşlar və polis əməkdaşları xəsarət
alıb.
Əşyaların zədələnməsi, polisə müqavimət göstərilməsi və zorakılıq
faktları üzrə istintaq Cinayət Məcəlləsinin 187-ci, 126-cı və
353-cü maddələri ilə aparılır.