Meksikada bələdiyyə sədrliyinə namizəd canlı yayım zamanı öldürülüb
Meksikanın Verakrus ştatında bələdiyyə sədrliyinə namizəd olan və hakim “Morena” partiyasını təmsil edən Yeseniya Lara Qutyerres seçki kampaniyası zamanı canlı yayımda silahlı hücuma məruz qalaraq öldürülüb. Hücum nəticəsində üç nəfər də həyatını itirib.

Hadisə bazar günü axşam saatlarında baş verib. Qutyerres şəhər ərazisində seçicilərlə görüşərkən Facebook-da canlı yayım aparırdı. Yerli media xəbər verir ki, videoda təxminən 20 dəfə atəş səsi eşidilir. Video günün sonuna qədər onun şəxsi Facebook səhifəsində açıq şəkildə yayımlanıb.

Meksikanın prezidenti Klaudiya Şeynbaum hadisəni bazar ertəsi səhər saatlarında keçirilən mətbuat konfransında təsdiqləyib. Onun sözlərinə görə, qətlin motivi hələlik məlum deyil, lakin hökumət Verakrus ştatının nümayəndələri ilə koordinasiyalı şəkildə işləyir və zərurət yaranacağı təqdirdə federal səviyyədə dəstək göstəriləcək.

Bu hadisə Meksikada seçkiqabağı dövrdə artan siyasi zorakılıq dalğasının növbəti nümunəsi hesab olunur.


Print Email
Tags: kriminal
FaceBook Twitter Google