İnsanın qidalanması onun sağlamlığına böyük təsir edir. Bəzi qida
məhsulları xəstəliklərin riskini artırır, digərləri isə əksinə
azaldır.
Belə ki, meyvə-tərəvəz, göyərti, yarmalar, süd məhsulları, yumurta,
paxlalılar, balıq sağlamlıq üçün ən faydalı qidalardır.
Amerika Kliniki Onkologiya Cəmiyyəti (American Society of Clinical
Oncology – ASCO) ən ziyanlı məhsulların “reytinqi”ni tərtib edib.
Mütəxəssislər qeyd edirlər ki, onların sadaladığı məhsullar tək
xərçəngin deyil, bir çox digər xəstəliklərin də (ürək-damar
sistemi, maddələr mübadiləsi, qaraciyər, böyrək və s. xəstəlikləri)
riskini artırır.
Beləliklə, sizə ən ziyanlı qidaların reytinqini təqdim edirik:
1. Hisə verilmiş kolbasa
Hisə verilmə zamanı tərkibində çoxlu sayda ziyanlı maddələr olan
tüstü ifraz olunur. 50 qr hisə verilmiş kolbasanın tərkibində olan
kanserogenlər 1 qutu siqaretdə olduğu qədərdir. Həmçinin hisə
verilmiş kolbasa ürək-damar sisteminə, qaraciyərə çox mənfi təsir
edir.
2. Sosis, kolbasa, vetçina
Bu məhsulların gündəlik istehlakı yoğun bağırsaq xərçənginin
riskini 18% artırır.
3. Peçenye, vafli və s. şirniyyatlar
Onlar trans-yağlar (marqarin, palma yağı) və şəkərlə zəngindir.
Trans-yağlar onkoloji və ürək-damar sistemi xəstəliklərinin riskini
xeyli artırır.
Həmçinin bu məhsulların tərkibində olan bol şəkər damarlarda
iltihab yaradaraq aterosklerozun inkişafına səbəb olur. Bildiyimiz
kimi, ateroskleroz zamanı damarlarda artıq xolesterin (piyə oxşar
maddə) yığılır. Lakin xolesterin sağlam damarlarda deyil,
iltihablaşmış, xəstə damarlarda toplanır. Məhz şəkər damarların
daxili divarlarında iltihab yaradaraq aterosklerozun inkişafına
şərait yaradır.
4. Şirin qazlı içkilər
Burada da əsas risk şəkərin çoxlu olmasıdır. Həmçinin belə içkilər
fosfatlarla da zəngindir. Fosfat turşusu sümük toxumasını dağıdır
və böyrəklərə mənfi təsir edir. Şirin qazlı içkilərdən sui-istifadə
hipertoniya, piylənmə, osteoporoz kimi xəstəliklərin riskini
artırır.
5. Spirtli içkilər
Bu içkilərin tərkibində olan etanol ən güclü kanserogendir.
Həmçinin etanol ürək, qaraciyər, böyrəklər və bir çox orqan və
sistemlərə ciddi ziyan vurur.
6. Müxtəlif souslar (ketçup, mayonez, pendirli souslar və
s.)
Tərkibində çoxlu yağ, duz və şəkər var.
7. Çipsi
Yağ, duz və müxtəlif kimyəvi qatqılarla “zəngindir”. Həmçinin çipsi
qızardılır.
8. Popkorn
Popkornun hazırlanması zamanı dəfələrlə eyni yağdan istifadə
olunur. Bu zaman yağda kanserogen maddələrinin miqdarı kəskin
artır.
Mənbə: saglamolun.az