Ürək çatışmazlığı bir çox hallarda gizli inkişaf edir və onun
simptomları tez-tez digər xəstəlik və pozulmalarla səhv salınır.
Lakin ürək çatışmazlığı vaxtında aşkar olunmadıqda çox ağır
fəsadlara və hətta insanın ölümünə səbəb ola blər. Bu haqda ABŞ-ın
MemorialCare Ürək və Damarlar İnstitutunun kardioloqu Robert
Qrinfild məlumat verib.
Həkim qeyd edib ki, ürək çatışmazlığı istənilən yaşda, hətta
uşaqlarda inkişaf edə bilər. Ürək çatışmazlığı zamanı ürək öz
«nasos» funksiyasını tam şəkildə yerinə yetirə bilmir. Bunun
nəticəsində müxtəlif orqanların oksigen və qidalı maddələri ilə
təmin olunması azalır, orqanizmdə müxtəlif pozulmalar inkişaf
etməyə başlayır.
Doktor Qrinfild bildirir ki, hər bir insan ürək çatışmazlığına
işarə edən simptomları bilməli və bu simptomlar üzə çıxdıqda vaxt
itirmədən həkimə müraciət etməlidir. Saglamolun.az xarici KİV-lərə
istinadla bu simptomları ilə oxucularını tanış edir:
- Nəfəsalma problemləri. İnsan hiss edir ki, nə qədər dərin
nəfəs alsa da ona sanki hava çatmır.
- Uzanaq vəziyyətdə təngənəfəslik, boğulma hissi. İnsan bir neçə
yastıqdan istifadə etməyə, yarıoturaq vəziyyətdə yatmağa
məcburdur.
- Ayaq və əllərin şişməsi. Ürəyin fəaliyyəti zəifləyəndə orqanizmdə
artıq maye yığılır.
- Çəkinin səbəbsiz olaraq artması. Bunun də səbəbi orqanizmdə artıq
mayenin yığılmasıdır.
- Sidik ifrazının artması, xüsusilə gecə saatlarında.
- Həzm sistemində pozulmalar. Ürək zəifləyəndə həzm
sisteminə daha az qan çatır. Bu səbəbdən insanda mədə
pozulması,iştahasızlıq, ürək bulanması və qəbizlik kimi simptomlar
inkişaf edə bilər.
- Yorğunluq. Orqanizm ürəyin fəaliyyətini kompensasiya etmək və
daha vacib orqanları qanla təmin etmək üçün əzələ və ətrafların qan
dövranını zəiflədir ki, bu da süstlük və yorğunluğa səbəb ola
bilər.
- Yaddaşsızlıq. Beyin orqanizmdə ən çox qana ehtiyacı olan
orqandır. Bu səbəbdən qan dövranının zəifləməsi ilk olaraq beyinin
fəaliyyətinə mənfi təsir edir ki, nəticədə başgicəllənməsi, yaddaş
və konsentrasiyanın zəifləməsi mümkündür.
- Soyuq əl və ayaqlar. Alim bildirib ki, bu çox xarakterik
simptomdur. Ayaq və əlləriniz daim soyuqdursa, mütləq ürəyinizi
yoxlayın.
Mənbə: Saglamolun.Az