Ürək orqanizmdə "nasos" funksiyasını yerinə yetirir - qanın
orqanizm boyu dövr etməsini təmin edir.
Ürəyin çəkisi orta hesabla 300 qr təşkil edir (qadınlarda bir qədər
az, kişilərdə bir qədər çox). Belə hesab olunur ki, insanın
ürəyinin ölçüsü onun yumruğu boydadır.
Bəzən müxtəlif səbəblərə görə ürək böyüyə bilər. Bu hal
kardiomeqaliya, ürəyin hipertrofiyası adlandırılır. Bu çox ciddi
pozulmadır. Böyümüş ürək öz nasos funksiyasını normal yerinə yetirə
bilmir, orqanizmi qanla yaxşı təchiz etmir. Bunun nəticəsində ürək
vaxt keçdikcə daha da genişlənir, böyüyür və bu da ürək
çatışmazlığının, infarktın, ürəyin ani dayanmasının inkişafına
səbəb ola bilər.
Ürəyin böyüməsinin səbəbləri arasında:
- İntensiv fiziki gərginliklər (peşəkar idmançılarda, daim idmanla
məşğul olan insanlarda) zamanı ürək da intensiv şəkildə işləyir -
ürək döyünməsi, qanın ürəyə axını artır. Bu isə ürəyin böyüməsinə
səbəb olur. Buna "idmançı ürəyi" deyilir. Bu halda ürəyin böyüməsi
fizioloji səbəblərlə bağlıdır. Lakin hətta bu halda həddən artıq
fiziki yükləmələr, müxtəlif xəstəliklər, güclü streslər gələcəkdə
ürək xəstəliklərinə gətirib çıxarda bilər.
- Ürəyin böyüməsinin digər səbəbləri -
xəstəliklərdir.
Bir çox hallarda ürəyin böyüməsininin səbəbi hipertoniya xəstəliyi
olur. Damarlarda təzyiq qalxdıqda ürək güclü yükləməyə məruz qalır,
ürəyin əzələləri gərginləşir, böyüyür və nəticədə ürək də
böyüyür.
Ürəyin işemik xəstəliyi zamanı ürəyə olan qan axını azalır, ürək
əzələsinın qidalanması pozulur. Nəticədə ürək əzələsinin
hüceyrələri birləşmə toxuması ilə əvəz olunur. Birləşmə toxuması
elastik deyil, yığılmır və nəticədə ürək genişlənir, böyüyür.
Ürək əzələsinin iltihabları (onlara "kardit"lər deyilir -
endokardit, perikardit ) da ürəyin böyüməsinə səbəb ola bilər. Belə
iltihablar keçirilmiş tonzillit (angina), skarlatin və ya qripdən
sonra inkişaf edə bilər. Onların arasında ən yayılmış
revmokarditdir. Xəstəlik vaxtında müalicə olunmadıqda müxtəlif ağır
pozulmalara - o cümlədən, ürəyin böyüməsinə səbəb ola bilər.
Anadangəlmə ürək qüsurları da ürəyin böyüməsinə səbəb ola
bilər.
- Spirtli içkilərin qəbulu da ürəyin böyüməsinə səbəb ola bilər.
Alkoqol ürək əzələsinə çox mənfi təsir edir, intoksikasiyaya
(zəhərlənmə) səbəb olur.
- Piylənmə ürəyin böyüməsinin əsas səbəblərindən biridir.
- Ağ ciyər xəstəlikləri həmçinin ürəyin böyüməsinə səbəb ola
bilər.
Ürəyin böyüməsinin əsas profilaktikası bu pozulmaya səbəb olan
xəstəliyin müalicəsidir.
Mənbə: saglamolun.Az