Dietoloqlar Samanta Kassetti və Keri Hans Women's Health-ə
müsahibələrində gilasın yeddi faydasını açıqlayıblar.
Məlum olub ki, bu giləmeyvə tərkibindəki bol C vitamini və digər
antioksidantlar sayəsində qırışları azaldır: həmin maddələr
iltihabın və orqanizmdə oksidləşmə stressinin qarşısını alır.
Gilas onkoloji xəstəliklərin inkişafına da əngəl ola bilir. Onun
tərkibində polifenollar - xərçəng əleyhinə təsir göstərən maddələr
var.
"Əgər bir neçə xərçəng növünə meyllisinizsə, fenol birləşməli
antioksidantlarla pəhriz kömək edər, çünki bu birləşmələr orqanizmə
zərər vuran sərbəst radikallarla mübarizə apara
bilər", - Hans deyib.
Ancaq məqalədə qeyd olunur ki, gilas təkbaşına xərçəng riskinin
qarşısını ala bilməz, ancaq müntəzəm olaraq gilas yemək və yanaşı
olaraq sağlam həyat tərzi keçirmək bu xəstəliyin yaranmasını
əngəlləyə bilər.
Qan təzyiqi yuxarı olanlar üçün də gilas yaxşı
"dərmandır".
"Gilas qoruyucu polifenol birləşmələrlə zəngindir, onlar qan
təzyiqinin səıviyyəsini yaxşılaşdırır. Bu birləşmələr azot
oksidinin yaranmasını artırır və qan damarlarının hüceyrələrinin
funksiyalarını yaxşılaşdırır", - Kassetti izah
edib.
Gilas koqnitiv bacarıqların azalmasını ləngitməyə də kömək edir.
Bu, gilasa tünd-qırmızı rəng verən antosian, polifenol
antioksidantlar sayəsində baş verir. Giləmeyvə beyin
funksiyalarını, yaddaşı yaxşılaşdırır, beyində Alzhaymer və
demensiyanın digər növlərinin yaranma riskini artıran iltihab və
oksidləşmə stressinə əks-təsir göstərir.
Giləmeyvə ürək xəstəliklərinin yaranmasını əngəlləyir. Tərkibindəki
antioksidantlar damarları boşaldır, iltihab və təzyiqi azaldır, qan
damarlarında tıxanmanın qarşısını alır.
Bundan başqa, gilas ikinci tip diabetlə mübarizədə də kömək edir.
Gilasdakı polifenollar insulinə həssaslığı artırır, odur ki,
qlükoza hüceyrələr tərəfindən udularaq enerji alınmasında istifadə
olunur.
Yuxu problemi olanlara da gilas yemək məsləhətdir, o, həm tez
yuxuya getməyə, həm də yuxunu tam almağa kömək edir. Yuxusuzluqdan
əziyyət çəkənlərin orqanizmində oksidləşmə stressi yüksək olur,
gilasın tərkibindəki antioksidantlar isə bu təsiri azaldaraq yuxunu
normallaşdırır.
Mənbə: saglamolun.az