Böyük Britaniyanın Milli Səhiyyə Xidməti sağlam qidalanma üçün “The
Eatwell Guide” adlı bələdçi hazırlayıb.
Bu bələdçi insanları düzgün qidalanmanın sağlamlıq faydaları
haqqında məlumatlandırmaq məqsədi daşıyır. Təlimatlara əsasən,
gündə beş porsiya meyvə və tərəvəz yemək, karbohidrat, şəkər, yağ
və duz qəbulunu azaltmaq lazımdır. Bundan əlavə, mütəxəssislər
kolbasa, sosis və şirin qazlı içkilərdən imtina edərək, su,
qoz-fındıq və tam buğda məhsullarına üstünlük verməyi məsləhət
görürlər.
Alimlər bu tövsiyələrə əməl olunmasının insan ömrünün uzunluğuna və
sağlamlığına necə təsir edəcəyini öyrənməyə çalışıblar. Bunun üçün
onlar yemək vərdişləri haqqında danışan 467 354 ortayaşlı
könüllünün iştirakı ilə araşdırma aparıblar. Elm adamları daha
sonra subyektlərin sağlamlıq vəziyyəti haqqında məlumat
toplayıblar. Sorğu bitəndən bir müddət sonra alimlər hansı
iştirakçıların hansı yaşda öldüyünü qeyd ediblər.
Məlum olub ki, çoxlu emal olunmuş ət (kolbasa, sosis), unlu
məmulatlar yeyən və tez-tez şəkərli qazlı içkilər içən insanlar
daha sağlam pəhriz saxlayanlara nisbətən az yaşayırlar. Alimlər
müəyyən ediblər ki, “The Eatwell Guide”nin tövsiyə etdiyi
qoz-fındıq, tam buğda, meyvə və paxlalı yemək ömrü uzadır.
Tədqiqatçılar deyirlər ki, yemək vərdişlərindəki kiçik müsbət
dəyişikliklər belə (məsələn, şəkərin azaldılması) ömrün bir il
uzadılmasına səbəb ola bilər. Onlar, həmçinin “The Eatwell Guide”ın
bütün tələblərinə əməl edilən halda ömrünüzün səkkiz il uzanacağını
iddia edirlər.
Saglamolun.Az