2024-cü ilin sonunadək Azərbaycanda 100 faiz optik internet
şəbəkəsi qurulacaq.
Bunu Tbilisidə keçirilən “Beynəlxalq Rəqəmsal Əlaqə Sammiti –
2022”də iştirak edən Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat
nazirinin müavini Samir Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O, bildirib ki, ilin sonunadək çəkiləcək fiberoptik internet
şəbəkəsi 800 min nəfəri yüksəksürətli internetlə təmin edəcək.
“Azərbaycanda fiberoptik internet şəbəkəsi genişləndirilir. Biz son
bir il ərzində Aztelekom, Baktelekom vasitəsilə fiberoptik
şəbəkənin genişləndirilməsinə başlamışıq. Bu günə artıq 600 min
əhalinin yaşadığı ərazidə optik internetin verilməsi imkanları
mövcuddur. İlin sonuna bu rəqəm 800 minə çatdırılacaq və 2024-cü
ilin sonunadək Azərbaycanda 100 faiz yüksəksürətli optik internet
şəbəkəsi qurulacaq”, - deyə nazir müavini
bildirib.