Çinin mərkəzi dövlət qurumlarına “iPhone” və digər xarici
markalı cihazların işə gətirilməsinin qadağan edilməsi
tapşırılıb.
Lent.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat
yayıb.
Xarici smartfonların istifadəsinə qoyulan qadağa iş söhbətləri,
elanlar və xüsusi görüşlər vasitəsilə dövlət qulluqçularının
diqqətinə çatdırılıb. Bundan əlavə, onlara cihazlardan nəinki iş
yerində istifadə etmək, hətta ofisə gətirmək də
qadağan edilib.
Əvvəllər bəzi qurum və idarələrdə bu cür məhdudiyyətlər artıq
qüvvədə idisə, indi daha çox məmura şamil edilir. Çin uzun
müddətdir ki, xarici istehsalçıların kompüter avadanlığı və proqram
təminatını yerli analoqları ilə əvəz edir.
Məlumata görə, hazırki məhdudiyyətlər öz informasiya və
kommunikasiya infrastrukturunu qorumaq üçün getdikcə daha sərt
tədbirlər tətbiq edən Çin və ABŞ arasında artan gərginliklə
bağlıdır.
Mütəxəssislərin fikrincə, bu cür tədbirlər Çinin yüksək səviyyəli
smartfon bazarında lider olan və ümumi gəlirinin təxminən 19%-ni
ondan əldə edən “Apple” korporasiyasının biznesinə mənfi təsir
göstərə bilər.
Mənbə: lent.az